Bu gün Azərbaycan xalqı Anım Gününü – xalqımızı möhtəşəm Zəfərə qovuşdurmuş 44 günlük Vətən müharibəsinin başlandığı tarixi qeyd edir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin əzmkarlığı, qətiyyəti, ordumuzun misilsiz şücaəti hesabına qazanılan tarixi qələbə sayəsində nəinki 30 ilə yaxın erməni tapdağı altında qalan Qarabağ öz həqiqi sahibinə qayıtmış oldu, eyni zamanda hər bir azərbaycanlının üzərində daşıdığı “məğlub xalq” ünvanı şəhidlərimizin qanı ilə alnımızdan silinmiş oldu. Azərbaycan bütün dünyaya, o cümlədən də Ermənistanın xarici havadarlarına sübut etdi ki, ölkəmiz istənilən an öz suverenliyini bərpa etməyə, öz maraqlarını müdafiə etməyə qadirdir. Bütün dünya gördü ki, illərlə erməni təbliğatı tərəfindən formalaşdırılmış “məğlubedilməz erməni ordusu” mifi şişirdilmiş sabun köpüyündən savayı bir şey deyilmiş.
Vətən müharibəsindəki tarixi Zəfərin ardınca dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyilə Qarabağda genişmiqyaslı bərpa işlərinə start verilmiş, erməni barbarlığının əyani sübutu olan xarabalıqların abad yaşayış məskənlərinə çevrilməsi istiqamətində böyük quruculuq fəaliyyətinə başlanmışdır. Zərrə qədər şübhə olmamalıdır ki, Azərbaycan Prezidentinin nəzarəti altında həyata keçirilən bu işlər tezliklə öz bəhrəsini verəcək, Qarabağ bölgəsi ölkəmizin digər guşələri kimi gülüstana çevriləcəkdir. Azərbaycan xalqı, o cümlədən də AMEA kollektivi hər zaman dövlət başçısının arxasındadır və onun bütün tapşırıqlarını icra etməyə hazırdır. Elmlər Akademiyası ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi işinə öz töhfəsini verdiyi kimi Qarabağın bərpasında da öz üzərinə düşən öhdəlikləri tam məsuliyyətilə yerinə yetirmək üçün bütün potensiala malikdir.
Bir daha bu tarixi gündə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anır, yaralılara, qazilərimizə Allahdan şəfa və uzun ömür diləyirik. Onların hər biri xalqımızın qürur yeri, fəxarət qaynağıdır.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır və hər zaman da belə olacaq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.