Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

18.01.2022 12:10
  • A-
  • A
  • A+

AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyası ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Onlayn baş tutan mərasimdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və Lahor Dövlət Kollec Universitetinin vitse-kansleri, professor Əsgər Zaidi, Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee, Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov və digər qonaqlar iştirak ediblər.  

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını salamlayıb və bu günü ölkəmizin elmi ictimaiyyətində əlamətdar hadisə kimi qiymətləndirib. Akademik bildirib ki, bu sənəd iki qardaş ölkə arasında güclü zəmin yaradacaq. Əməkdaşlığın hər iki ölkə arasında köklü tarixi əlaqələrə söykəndiyini diqqətə çatdıran AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev qeyd edib ki, Pakistan Türkiyə ilə yanaşı, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və bu günə kimi Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. AMEA rəhbəri diqqətə çatdırıb ki, Pakistan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yanında dayanaraq, qardaş ölkə olduğunu bir daha açıq şəkildə nümayiş etdirib və Azərbaycan bunu heç vaxt unutmayacaq. Akademik Ramiz Mehdiyevin sözlərinə görə, ötən müddət ərzində hər iki ölkənin bir sıra müvafiq qurumları arasında elmi əməkdaşlıq əlaqələri yaranıb, Akademiyanın Biologiya və Tibb Elmləri, Humanitar və İctimai Elmlər bölmələrinə aid müştərək layihələr hazırlanıb: İnanırıq ki, bu gün imzalanan memorandum yeni elmi nailiyyətlərə yol açacaq.

Sonra Lahor Dövlət Kollec Universitetinin vitse-kansleri, professor Əsgər Zaidi çıxış edərək AMEA ilə birgə əməkdaşlıqdan şərəf duyduqlarını ifadə edib. Bildirib ki, ölkəsi 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim dəstək nümayiş etdirib. O, həmçinin azərbaycanlı tələbələrin Pakistanda təhsillərini davam etdirdiyini, AMEA-nın Botanika İnstitutunun iki əməkdaşının isə Lahor Dövlət Kollec Universitetində təlimdə olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova əvvəlcə hazırlanmış anlaşma memorandumunu yüksək qiymətləndirib, daha sonra iki ölkə arasındakı elmi əlaqələr haqqında iştirakçıları məlumatlandırıb. Bildirib ki, vaxtilə molekulyar biologiya sahəsində hər iki ölkə arasında tədqiqatlar, elmi əlaqələr yaradılıb. Akademikin sözlərinə görə, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam İnkişaf Bankının doktorantura üzrə qalibi olub və hazırda təhsilini davam etdirmək üçün ölkə seçimi ərəfəsindədir.

Bundan başqa, çıxış edən digər qonaqlar iki ölkənin elmi qurumları arasındakı əlaqələrə yüksək dəstək verdiklərini, həmçinin Azərbaycan və Pakistan alimlərinin müştərək tədqiqatlar aparmaqda maraqlı olduqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda açılan Pakistan Ədəbiyyatı Mərkəzi də məhz bu qəbildəndir. Eyni zamanda bildirilib ki, yaxın aylarda Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin yaradılmasının 30  illiyi qeyd olunacaq.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev memorandum çərçivəsində geniş elmi işlərin görüləcəyinə ümid etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb və bu işdə hər kəsə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: