Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Novruz Quliyevin 70 yaşı tamam olur
17.03.2022 11:01
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Novruz Quliyevin 70 yaşı tamam olur

Mart ayının 22-də biokimya elmi sahəsində tanınmış alim, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Novruz Quliyevin 70 yaşı tamam olur.

Novruz Məhəmməd oğlu Quliyev 1952-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Kimya fakültəsini, 1977-ci ildə SSRİ Elmlər Akademiyasının A.N.Bax adına Biokimya İnstitutunun aspiranturasını bitirmişdir. O, 1978-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2017-cu ildə professor elmi adını almışdır.

Novruz Quliyev 1974, 1977-1982-ci illərdə Azərbaycan SSR Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi kimi, 1982-1987-ci illərdə Azərbaycan EA-nın Fiziki-Kimyəvi Biologiya sektorunda böyük elmi işçi, 1987-2016-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, 2005-2020-ci illərdə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifələrində çalışmışdır. 2016-2021-ci illərdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir, 2021-ci ildən laboratoriya müdiridir.

Novruz Quliyevin elmi fəaliyyəti əsasən fotosintezin biokimyası və fiziologiyası, avtotrof orqanizmlərdə fotosintetik fermentlərin və onların tənzimlənməsinin tədqiqinə həsr olunmuşdur. Alimin rəhbərliyi ilə fototrof bakteriyalarda universal tənzimləyici sistem olan tsiklik adenozinmonofosfat sisteminin aşkar olunması və bu sistemin həmin orqanizmlərdə rolu, bitki mənşəli karboanhidraza fermentinin homogen şəkildə ayrılaraq kristallaşdırılması, fermentin fiziki-kimyəvi xassələrinin və struktur-funksional təşkilinin hərtərəfli öyrənilməsi və onun dördüncü quruluşunun molekulyar modelinin təklif edilməsi, fotosintetik fermentlərin bitkilərin ekstremal şəraitə uyğunlaşmasında və məhsuldarlıq proseslərində rolunun aydınlaşdırılması, alınan nəticələrin abiotik stres amillərinə davamlı mədəni bitki sortlarının seleksiyasında marker kimi istifadəsi üzrə tədqiqatlar aparılmışdır. 

Novruz Quliyev 200-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. O, dünyanın bir sıra ölkələrində bir sıra beynəlxalq elmi konfranslarda məzruzələrlə çıxış etmişdir. N.Quliyevin elmi rəhbərliyi ilə 4 fəlsəfə doktoru hazırlanmışdır.

Alim müxtəlif illərdə AMEA-nın Botanika İnstitutunun Elmi şurasının, institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının, Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Hazırda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının və institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvüdür.

Novruz Quliyev 1995, 2000-ci illərdə 1-ci və 2-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, komissiya sədri (2-ci çağırış) olmuşdur. O, 1992-ci ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciət etmiş məşhur “91-lər”dəndir.

Novruz Quliyev 2017-ci ildə Azərbaycan  Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycanda biokimya elminin inkişafında mühüm xidmətləri olan alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: