Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İrəvan quberniyasının tarixi” kitabı çap olunub
28.03.2022 16:33
  • A-
  • A
  • A+

“İrəvan quberniyasının tarixi” kitabı çap olunub

AMEA-nın Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” kitabı çap olunub.

Tədqiqat əsərində İrəvan və Naxçıvan xanlıqlarının ərazilərindən çar I Nikolayın 1849-cu il 9 iyun tarixli fərmanı ilə yeni inzibati-ərazi vahidi kimi təşkil edilmiş İrəvan quberniyasının tarixi 1850-ci ildən 1917-ci ilədək öyrənilib. Dövrün rusdilli mənbələri əsasında quberniyanın əvvəlcə 5, sonradan 7-yə çatdırılan qəzaları, İrəvan, Naxçıvan, Ordubad (1867-ci ildə ləğv olunub), Sürməli, Şərur-Dərələyəz, Üçmüəzzin (Eçmiədzin), Gümrü (Aleksandropol), Yeni-Bayazid qəzalarına köçürülmələrdən (əsasən ermənilər) sonra hər bir qəza əhalisinin say dinamikası və etnik tərkibi üzə çıxarılıb. Müəllif Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövrün rusdilli mənbələr əsasında ermənilərin quberniya ilə bağlı iddialarının üzərindən xətt çəkib, 1917-ci ilədək quberniyanın əsas şəhər və qəzalarında bölgənin köklü sakinləri olan Azərbaycan türklərinin hakim etnos olduğunu sübut edib.

Monoqrafiyada, həmçinin vaxtilə quberniyanın idarə və müəssisələrində, şəhər dumalarında, məhkəmə orqanlarında çalışmış, qəza, şəhər, ibtidai məktəblərində, progimnaziya və gimnaziyalarında, İrəvan Müəllimlər Seminariyasında təhsil almış və işləmiş soydaşlarımız, eləcə də quberniyanın tarixi-memarlıq abidələri, iqtisadi həyatı haqqında məlumatlar yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: