Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15.04.2022 09:20
  • A-
  • A
  • A+

Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anma günüdür.

Otuz yeddi il əvvəl ilıq bir bahar günündə dünyasını dəyişmiş, Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli bir ömür yaşamış Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır.

AzərTac görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəzi məqamları təqdim edir.

Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva çox zəngin və mənalı ömür yolu keçib. O, görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib. Həmin dövrdə Azərbaycanda göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.

Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. O, bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. O, özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi.

  • Paylaş: