Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.05.2022 13:22
  • A-
  • A
  • A+

BTEB-ə daxil olan institutların rəhbər şəxsləri Belarus Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşüblər

BTEB-ə daxil olan institutların rəhbər şəxsləri Belarus Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşüblər

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və AMEA-nın Abdulla Qarayev adına Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Mikrobiologiya institutlarının, Mərkəzi Nəbatat Bağının rəhbər şəxsləri ilə Belarus Milli Elmlər Akademiyasının (BMEA) nümayəndələrinin görüşü keçirilib.

AMEA vitse-prezidenti xidmətinin elmi katibi Afiq Məmmədov ilk öncə qonaqları BTEB-in və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın adından salamlayıb, AMEA-da dost Belarus Respublikasının elmi tədqiqat müəssisələri və alimləri ilə əməkdaşlığa böyük önəm verildiyini diqqətə çatdırıb.

Toplantıya sədrlik edən AMEA-nın Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova görüş iştirakçılarına qonaqlar haqqında məlumat verib. O qeyd edib ki, görüşdə BMEA-nın Ərzaq Məhsulları üzrə Elmi-Praktik Mərkəzinin ərzaq məhsullarının standartlaşdırılması və keyfiyyəti üzrə direktor müavini texnika elmləri namizədi, dosent Morqunova Yelena Mixaylovna, Heyvandarlıq üzrə Elmi-Paktik Mərkəzin baş direktoru kənd təsərrüfatı elmləri namizədi, dosent Boqdanoviç Dmitri Mixayloviç, Ət və Süd Sənayesi İnstitutunun direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qusakov Qordey Vladimiroviç iştirak edirlər.

Sonra qonaqlar çıxış edərək öz təşkilatlarının istiqamətləri, strukturu, tədqiqat, tətbiq və istehsal fəaliyyətləri, məhsulları ilə bağlı məlumat veriblər.

Boqdanoviç Dmitri Mixayloviç çıxışında rəhbərlik etdiyi mərkəzin ayrı-ayrı institut və laboratoriyalarında tələb olunan xüsusiyyətlərə (süd, ət məhsuldarlığı və s.) malik kənd təsərrüfatı heyvanlarının genetik təkmilləşdirilməsi, insan sağlamlığı üçün zərərsiz qida məhsullarının istehsalı, qiymətli damazlıq mal-qara ehtiyatının artırılması prosesi üzrə işlərdən bəhs edib.

Qusakov Qordey Vladimiroviç rəhbərlik etdiyi institutun fəaliyyətinin Belarus Respublikasının süd və ət sənayesinin təkmilləşdirilməsi və elmi təminatına yönəldildiyini bildirib. O, həmçinin ət və süd sənayesinin elmi-texnoloji təminatı, müəssisələrin mütəxəssislərinə elmi-metodiki və konsultativ yardımın göstərilməsi, dövlət və sənaye proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

Morqunova Yelena Mixaylovna müxtəlif əhali qrupları üçün yeni rəqabətqabiliyyətli qida məhsulları seriyasının yaradılması, yeni texnologiyaların və layihələrin işlənib hazırlanması üzrə aktual problemlərin həlli istiqamətində Ərzaq Məhsulları üzrə Elmi-Praktik Mərkəzin yerinə yetirdiyi işlərdən danışıb, iclas iştirakçılarını istehsal olunan Belarus məhsulları ilə daha yaxından tanış olmaq üçün keçiriləcək sərgiyə dəvət edib. Natiq əlaqələri daha da genişləndirmək üçün elmi tədqiqat və kadr hazırlığı istiqamətlərində əməkdaşlıq təkliflərini bildirib.

Sonra məruzəçilərə ünvanlanan suallar cavablandırılıb.

Daha sonra qonaqlara müvafiq istiqamətlərdə AMEA-nın institutlarında aparılan tədqiqatlar haqqında məlumat verilib, gələcək əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: