Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.06.2022 14:42
  • A-
  • A
  • A+

“TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclası keçirilib

“TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclası keçirilib

İyunun 3-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov 2022-ci ilin 26-29 may tarixlərində paytaxt Bakının Türkiyə və Azərbaycan dostluğu və qardaşlığının parlaq təzahürü olan “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalına ev sahibliyi etdiyini xatırladıb, festivalın ölkəmiz üçün əhəmiyyətini qeyd edib. Bildirib ki, bu mötəbər tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın nitqlərində ifadə olunan dostluq, qardaşlıq və strateji tərəftaşlıq mesajları bütün türk dünyası üçün yeni bir inkişaf mərhələsinin başlanmasından xəbər verir.

Akademik Arif Həşimov müasir zamanın çağırışlarına uyğun olaraq elm, texnologiya və innovasiyaların təşviq edilməsi, ölkədə texnoloji suverenliyin təmin olunmasının vacibliyinə diqqətin yönəldilməsi məqsədi daşıyan festival çərçivəsində keçirilən sərgidə AMEA-nın xüsusi pavilyonla iştirak etdiyini diqqətə çatdırıb. Alim qeyd edib ki, tədbir çərçivəsində Türkiyə və Azərbaycanın nüfuzlu dövlət və hökumət nümayəndələri, hər iki ölkənin elm və təhsil ictimaiyyətini təmsil edən şəxslər, çoxsaylı şagird və tələbələr, sadə vətəndaşlar AMEA-nın pavilyonunu ziyarət etmiş, burada nümayiş olunan məhsulları böyük maraqla qarşılamışlar.

“TEKNOFEST Azərbaycan” ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirmişdir”, - deyə bildirən akademik Arif Həşimov bugünkü tədbirin də məhz “TEKNOFEST”də Akademiyanın iştirakının nəticələrinə və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə həsr olunduğunu bildirib.  

O, çıxışının sonunda AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupa, eləcə də AMEA-nın sərgidə yüksək səviyyədə təmsil olunmasında zəhməti keçən hər kəsə Akademiya Rəyasət Heyəti adından təşəkkürünü bildirib.

Daha sonra akademik Arif Həşimov AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə 75 illik yubileyi və Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın Fəxri fərmanını təqdim edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Akademiyanın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev festivalda AMEA-nın iştirakının nəticələri və qarşıda duran vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış edib. Bu mötəbər tədbirin Türkiyədən kənarda, ilk dəfə olaraq məhz Azərbaycanda təşkilinin önəminə toxunan vitse-prezident festivalın Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmasının xüsusi məna kəsb etdiyini bildirib. O, müstəqil Azərbaycan dövlətinin son 30 il ərzində işğal altında olan torpaqlarının azad edilməsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlərdə qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək verdiyini vurğulayıb.

Akademik Rasim Əliquliyev IV Sənaye inqilabı və qlobal texnoloji çağırışlara cavab verən festivalda AMEA-nın iştirakı üçün AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun rəhbərliyi və dəstəyi ilə İşçi qrupun təşkil edildiyini, qısa zaman ərzində AMEA institutlarının festivalda iştirakının təmin olunduğunu, inzibati, maliyyə və digər resursların cəlb olunduğunu, eləcə də iştirakla bağlı bütün təşkilati məsələlərin həll edildiyini vurğulayıb.

AMEA-nın festivalda yüksək səviyyədə təmsil olunduğunu bildirən məruzəçi Akademiya pavilyonuna festivalın Təşkilat Komitəsi, ayrı-ayrı dövlət qurumları, xarici şirkətlərin təmsilçiləri tərəfindən böyük maraq göstərildiyini vurğulayıb, festival çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.

O, AMEA-da bir çox istiqamətlərdə aparılan gərgin intellektual əməyin məhsulu olan nailiyyətlərə imza atıldığını qeyd edərək, bu elm məbədinin öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qurmasının zəruri məsələlərdən olduğunu bildirib.

Alim festivalda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin çıxışlarında hər iki ölkə üçün əhəmiyyətli məsələlərə toxunulduğunu qeyd edib. Bildirib ki, “TEKNOFEST Azərbaycan”ın əsas məqsədlərindən biri də ölkəmizin texnoloji suverenliyinin təmini, müasir dövrün inkişaf tempinə uyğunlaşdırılması, qlobal çağırışlara uyğun olaraq mövcud imkanların Azərbaycanda tətbiqinə dəstək verməkdən ibarətdir. 

Vitse-prezidentin sözlərinə görə, “TEKNOFEST Azərbaycan” festivalı bir sıra digər müsbət tərəfləri ilə yanaşı, həm də AMEA-nı gələcək fəaliyyətini daha yaxşı qurmağa istiqamətləndirmişdir. O, AMEA-nın innovativ potensialının artırılması, tətbiqi istiqamətdə əldə olunan nailiyyətlərlə daxili və xarici bazara çıxarılması, milli intellektual məhsulların hazırlanması, elmi fəaliyyətin kommersiyalaşdırılması istiqamətində vacib addımların atılmasının, Akademiyanın cəmiyyətdə nüfuzunun artırılmasının əhəmiyyətinə toxunub.

AMEA-nın öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qurmasının zəruriliyindən danışan Rasim Əliquliyev AMEA-da bir çox istiqamətlərdə aparılan innovativ tədqiqatlar nəticəsində böyük nailiyyətlərə imza atıldığını da qeyd edib.

Alim hazırda ölkəmizdə müvafiq dövlət qurumları tərəfindən süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı milli strategiyanın hazırlandığını deyərək, bu proseslərin Azərbaycan alimləri qarşısında da mühüm vəzifələr qoyduğunu bildirib: “Azərbaycan elminin flaqmanı olan AMEA bu işlərdə yaxından iştirak edərək beynəlxalq çağırışlara uyğun tədqiqatlara üstünlük verməlidir”. 

Son illər texnologiyaların cəmiyyətin bütün istiqamətlərinə nüfuz etdiyini vurğulayan məruzəçi süni intellekt, Əşyaların İnterneti texnologiyaları əsrində, informasiya partlayışı erasında müxtəlif təhlükəsizlik tədbirlərini, hüquqi, fəlsəfi və etik məsələləri təmin etmək, texnoloji mədəniyyətin həyata keçirilməsi istiqamətində müvafiq tədqiqatlar aparmaq, eyni zamanda, dövlət başçısının qarşıya qoyduğu vəzifələrə dəstək verməyin önəmindən danışıb, cəmiyyətimizə elmi töhfə vermək üçün bu istiqamətdə görülən işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Akademik Rasim Əliquliyev çıxışının sonunda Türkiyənin Samsun şəhərində keçiriləcək növbəti “TEKNOFEST”ə hazırlıq üçün yaxın günlərdə hazırlıq işlərinin görülməsinə başlanılmasının nəzərdə tutulduğunu, Azərbaycanın elminin gələn il keçiriləcək festivalda uğurla təmsil olunması üçün bütün imkanların səfərbər ediləcəyini diqqətə çatdırıb. 

Tədbirdə, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov çıxış edərək AMEA-nın “TEKNOFEST Azərbaycan”da iştirakı ilə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər sərgidə Akademiyanın elmi müəssisələrinin sərgidə yüksək səviyyədə təmsil olunduğunu qeyd edib, institut və təşkilatların alim və mütəxəssisləri tərəfindən hazırlanmış yüksək texniki göstəricilərə və geniş imkanlara malik innovativ həllərin nümayiş olunduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığının bariz nümunəsi, tariximizin şanlı səhifəsi olan bu festivalı iki qardaş dövlətin daha da yaxınlaşmasına, inteqrasiyasına, texniki potensialının, müdafiə qüdrətinin artırılmasına xidmət göstərir.

Sonda AMEA-nın Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında” qərarı səsləndirilib.

Qərara əsasən, AMEA-nın “TEKNOFEST Azərbaycan” 5-ci Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirakı yüksək qiymətləndirilib. Sənəddə, həmçinin elmi müəssisə və təşkilatlarda innovativ tədqiqatların aparılması, rəqabətədözümlü, yüksək elmi tutumlu texnologiya, məhsul və layihələrin işlənib hazırlanması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, 2022-ci ildə Türkiyədə keçiriləcək 6-cı “TEKNOFEST” festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı Tədbirlər planının hazırlanması, Türkiyənin elm və təhsil qurumları ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə elmi araşdırmaların aparılması, qarşılıqlı kadr mübadiləsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və s. məsələlər əksini tapıb.

Bundan başqa, iclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının Fəaliyyət Planının təsdiq edilməsi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Eksperimental arxeologiya laboratoriyasının yaradılması, Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru Fərman Quliyevin 85 illik yubileyinin qeyd edilməsi, o cümlədən akademik Hüseyn Həsənovun 90, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin 100, AMEA-nın müxbir üzvü Akif Musayevin isə 75 illik yubileyləri haqqında müvafiq qərarlar verilib. Həmçinin AMEA-nın Qafqazşünaslıq və İqtisadiyyat institutlarının strukturunda qismən, eləcə də AMEA-nın “Sosial elmlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişikliklər edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: