Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası üzrə Akademiyada fəaliyyət göstərən Komissiya ilə AMEA-nın Rəyasət Heyətinin oktyabrın 18-də birgə iclası keçirilib.
Tədbiri AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq bildirib ki, xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Rəyasət Heyəti tərəfindən 30 sentyabr 2022-ci il tarixli qərar qəbul edilib. Akademik Arif Həşimov qeyd edib ki, qərara əsasən, nüfuzlu Azərbaycan alimlərindən ibarət Komissiya yaradılıb, eyni zamanda, Akademiya tərəfindən icra edilmək üçün əhatəli Tədbirlər Planının hazırlanmasına başlanılıb.
Qısa müddət ərzində Tədbirlər Planı ilə bağlı AMEA-nın Rəyasət Heyətinin üzvləri, müşavirləri, elmi bölmələri və institutlarından 163 təklifin verildiyini diqqətə çatdıran akademik Arif Həşimov vurğulayıb ki, təklif olunan Tədbirlər Planında Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə, zəngin həyat təcrübəsinə, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlər – Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün Əliyevşünaslıq istiqamətində xüsusi araşdırmaların aparılması, məqalələrin, kitabların, monoqrafiyaların, albomların, broşürlərin, Akademiyada nəşr olunan qəzet və jurnalların xüsusi buraxılışlarının nəşri, beynəlxalq və respublika səviyyəli simpoziumların, konfransların, seminarların və digər tədbirlərin keçirilməsi, müxtəlif filmlərin, videoroliklərin hazırlanması, alimlərin kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsi və s. əksini tapıb.
O, Akademiyanın Tədbirlər Planında - Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının keçirilməsinin, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası” filminin hazırlanmasının, Ulu Öndərin 100 illiyi Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxta düşdüyü üçün Şuşada Türkiyə alimlərinin iştirakı ilə “Bir millət, iki dövlət” mövzusunda, həmçinin “Heydər Əliyev və neft strategiyası”, “Heydər Əliyev: dahilik, zaman və müasirlik” və digər mövzularda beynəlxalq və respublika səviyyəli konfransların, simpoziumların, seminarların təşkilinin təklif olunduğunu söyləyib. Bundan əlavə, akademik İsa Həbibbəylinin “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” kitabının, o cümlədən “Heydər Əliyev və tarix problemləri”, “Heydər Əliyev və İlham Əliyev: sabitlik, qüdrətli dövlət və qələbənin fəlsəfəsi”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyalarının çapı nəzərdə tutulur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdən birində nadir və itmək təhlükəsində olan bitkilərindən və Şərq çinarından ibarət meşə parkının salınması, ali təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” günlərinin keçirilməsi və digər təkliflər iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Akademik “Heydər Əliyev İli” ilə əlaqədar Akademiyada yaradılmış Komissiyanın öz fəaliyyətini 2023-cü il ərzində də davam etdirməsinin nəzərdə tutulduğunu və bundan irəli gələrək sözügedən Tədbirlər Planının icrası zamanı təqdim ediləcək sanballı təkliflərin də həyata keçiriləcəyini bildirib.
Akademik Arif Həşimov çıxışının sonunda AMEA-nın geniş Tədbirlər Planının təsdiqləndikdən sonra xüsusi dövlət əhəmiyyətli olan bir neçə nəşrin və tədbirin respublika miqyasında qeyd olunması üçün müvafiq dövlət orqanına göndəriləcəyini söyləyib.
Daha sonra akademiklər – İsa Həbibbəyli, Rasim Əliquliyev, İradə Hüseynova, Tofiq Nağıyev, Gövhər Baxşəliyeva, Adil Qəribov, Fikrət Əliyev, Akif Əlizadə, Yaqub Mahmudov, Nailə Vəlixanlı, Əhliman Əmiraslanov, Qərib Məmmədov və başqaları çıxış edərək qeyd olunan təkliflərlə bağlı fikirlərini səsləndiriblər.
Sonda “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Tədbirlər Planının müvafiq düzəlişlərdən sonra yekun variantının yaxın günlərdə təsdiqlənməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.