Martın 1-də AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin ölkə başçısının “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. O, sözügedən Sərəncamla bağlı AMEA-da Tədbirlər planının hazırlandığını və bugünkü konfransın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Akademiya tərəfindən təşkil edilmiş ilk tədbir olduğunu bildirib.
AMEA rəhbəri cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin respublikamızda “yaşıl” iqtisadiyyatın, “yaşıl” enerjinin, "yaşıl" texnologiyaların, geniş mənada “yaşıl” dünyanın inkişafına hesablanmış strateji addım olduğunu söyləyib. O, qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, artıq bir sıra dünya ölkələri enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır.
“Hazırda bütün dünyada ekoloji problemlərin qarşısının alınması qlobal çağırışdır”, - deyən AMEA prezidenti Azərbaycanın da qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı çağırışlara qoşulan ölkələr sırasında olduğunu bildirib.
Akademik İsa Həbibbəyli “yaşıl enerji”yə olan tələbatın siyasi, iqtisadi, sosial və ekoloji aspektlərinin dünya reallığını və dünya elmini düşündürən əsas məsələlərdən olduğunu vurğulayıb. Alim bütün dövlətlər qarşısında danılmaz reallıq olan iqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib.
O, iqlim dəyişikliyi ilə bağlı dünyanın ən irimiqyaslı tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsini tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinə dünya dövlətlərinin yekdilliklə razılıq verməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani göstəricisi, dövlətimizin siyasi və iqtisadi qüdrətinin möhkəmlənməsinin işarəsidir. AMEA rəhbəri Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında güclü, sabit, sülhsevər ölkə kimi tanındığını qeyd edib. Vurğulayıb ki, 44 günlük müharibədə qazanılan tarixi zəfər, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası, suverenliyimizin tam təmin olunması, eləcə də Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir və İlham Əliyev artıq dünya siyasi arenasında nüfuzlu lider kimi qəbul edilir.
Ölkəmizin Formula 1 Azərbaycan Qran-Prisi, “Eurovision” mahnı müsabiqəsi, I Avropa və IV İslam Həmrəyliyi oyunları, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumları, Dini Liderlərin Zirvə toplantısı, Qoşulmama Hərəkatının nazirlər görüşü kimi bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini bildirən akademik İsa Həbibbəyli Azərbaycanın COP29-un da öhdəsindən layiqincə gələcəyinə inamını ifadə edib. O, bu tədbirin ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi Azərbaycanın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcəyini deyib.
AMEA prezidenti iqlim dəyişiklikləri, alternativ enerji və “yaşıl” dünya ilə bağlı məsələləri elmi və əsaslandırılmış şəkildə müzakirə edərək dünyaya çatdırmağın COP29-un əsas vəzifəsi olduğunu diqqətə çatdırıb. Alim bu istiqamətdə alimlərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb, elm adamlarını bu mötəbər tədbirin elmi sessiyalarında fəal iştiraka çağırıb. Akademik İsa Həbibbəyli bugünkü konfransda dinləniləcək məruzələrin COP29-un proqramına daxil olacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov çıxış edərək 2023-cü ilin ölkəmiz üçün tarixi hadisələrlə yadda qaldığını söyləyib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin tam bərpa edildiyini xatırladıb. Millət vəkili Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin ötən il sentyabrın 20-də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində “əsrin qələbəsi”nə çevrildiyini qeyd edib.
Qədim dövrlərdən Azərbaycanın neft diyarı kimi tanındığını deyənİltizam Yusifov dünyada ilk dəfə olaraq, Bibiheybət neft yatağında yerləşən quyudan sənaye üsulu ilə neft çıxarıldığını diqqətə çatdırıb. O, Azərbaycanın ənənəvi enerji mənbələrinə sahib olduğunu, “əbədi məşəl”lərdən biri sayılan Yanardağın da ölkəmizdə olduğunu bildirib.
İltizam Yusifov qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ekologiya və ətraf mühitin qorunması sahəsində Milli Məclis tərəfindən 20-dən çox qanun, normativ hüquqi sənədlər qəbul edilib. Ölkəmiz 10-dan çox beynəlxalq konvensiyaların iştirakçısı olub. Həmçinin bu yaxınlarda “Alternativ xidmət haqqında” Qanunun hazırlanması və qəbul edilməsi təklif edilib.
“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub”, - deyən millət vəkili Qarabağ zonasında 50-yə yaxın kiçik su elektrik stansiyalarının tikintisinin nəzərdə tutulduğunu bildirib.
O, həmçinin Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiyanın yaradıldığını və Hacıqabul gölünün bərpası ilə bağlı təkliflərin artıq hökumətə təqdim edildiyini söyləyib.
İltizam Yusifov vurğulayıb ki, qlobal iqlim dəyişikliyi ilə mübarizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platformasının da əsas iştirakçılarındandır. Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsinə dair qərar son illər iqlim problemləri ilə qlobal mübarizənin ön sıralarında olan ölkəmizin bu sahədə göstərdiyi uğurlu fəaliyyətinə verilən beynəlxalq qiymətin təzahürüdür. O, dövlət olaraq bu beynəlxalq tədbiri də layiqli şəkildə başa vuracağımıza və Azərbaycanı dünyaya yeni formatda təqdim edəcəyimizə əminliyini ifadə edib.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru akademik İradə Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ilk tədbirin institutda keçirilməsinin təsadüfi olmadığını, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıcısı, fotosintez tədqiqatları sahəsində dünyanın aparıcı alimlərindən olmuş akademik Cəlal Əliyevin yaşıl dünyanın qoruyucularından biri olduğunu və həyatını bu elm sahəsinə həsr etdiyini bildirib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətinin mühafizəsinə xüsusi önəm verdiyini söyləyən akademik İradə Hüseynova 1970-ci illərin əvvəllərindən başlayaraq onun məqsədyönlü siyasəti sayəsində ölkəmizdə bioloji ehtiyatlarının qorunub-saxlanılması, nəsli kəsilmək təhlükəsi altında olan növlərin bərpası, areallarının genişləndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Vitse-prezident qeyd edib ki, Azərbaycan müstəqillik qazanandan sonra Ulu Öndər Heydər Əliyev ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasətinin əsaslarını formalaşdırmış, Azərbaycan ətraf mühitlə bağlı çoxsaylı beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, Bakı və Abşeronun yaşıllaşdırılmasına, pozulmuş ekoloji tarazlığın bərpasına diqqət artırılmışdır. Natiq Ulu Öndərin yaşıl dünya ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.
2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu xatırladan vitse-prezident əlavə edib ki, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə ölkə üzrə çoxsaylı ağac əkilmə kampaniyaları ekologiyanın sağlamlaşması istiqamətində görülən işlərə nümunələrdir.
Akademik İradə Hüseynova vurğulayıb ki, 30 ilə yaxın ekoloji terrora məruz qalmış və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqların, qoruq və yasaqlıqların, təbii sərvətlərimizin, o cümlədən meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır: “Azad edilmiş ərazilərin yenidən qurulmasında, Böyük Qayıdışda, həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ekoloji tələblərin nəzərə alınması, ətraf mühitin qorunması prioritetdir”.
Vitse-prezident çıxışının sonunda Azərbaycan elmi ictimaiyyətinin yaşıl dünyamızın qorunması da daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu tam dəstəklədiyini qeyd edib.
Tədbirdə Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayevanın “Bitki örtüyünün dayanıqlılığınının təmin edilməsi yolları: nadir və itmək təhlükəsində olan növlərin mühafizəsi”, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Azərbaycan folklorunda insan-təbiət münasibətləri”, MBBİ-nin laboratoriya müdiri biologiya elmləri doktoru Yaşar Feyziyevin “Fotosintez və yaşıl dünya”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidmət rəisinin müavini Arzu Babayevanın “Azərbaycan Respublikasının qorunan təbiət əraziləri” və BDU-nun Botanika və bitki fiziologiyası kafedrasının dosenti, biologiya elmləri doktoru Zülfiyyə Məmmədovanın “Azərbaycan ərazilərinin yaşıllaşdırılmasında ekoloji stresslərə davamlı ağac və kol bitkiləri” mövzusunda məruzələri dinlənilib.
Sonda akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Fatimə Hacıyeva təbiətə həsr edilmiş şeir səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.