AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova 17-19 iyun 2024-cü il tarixlərində Almaniya Federativ Respublikasında elmi ezamiyyətdə olub. Səfərin məqsədi Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universiteti ilə Anlaşma memorandumunun imzalanması, Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üzrə elan edilmiş qrant müsabiqəsinə (BMBF) birgə layihənin təqdim edilməsi üçün müzakirələrin aparılması və buğdanın seleksiyası ilə məşğul olan kompaniyaların təcrübəsi ilə tanışlıq olub.
Akademik İradə Hüseynova səfərinin birinci günü Osnabruk Tətbiqi Elmlər Universitetinin vitse-prezidenti, professor Bernd Lehmann, eləcə də universitetin Xarici əlaqələr və Elmi əməkdaşlıq şöbələrinin rəhbərləri, Kənd təsərrüfatı elmləri və landşaft memarlığı fakültəsinin Bitki seleksiyası Departamentinin rəhbəri professor Ali Naz və fakültənin əməkdaşlarının iştirakı ilə baş tutan rəsmi toplantıda iştirak edib. Tədbirdə o, təqdimatla çıxış edərək, görüş iştirakçılarına AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) yaranma tarixi, elmi-tədqiqat istiqamətləri, əldə edilmiş mühüm nailiyyətlər və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib. Akademik öz çıxışında BMBF-ə təqdim ediləcək ortaq layihənin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyacağına diqqət çəkib. Görüşün sonunda Osnabruk Universitetinin vitse-prezidenti, professor Bernd Lehmann və akademik İradə Hüseynova arasında Anlaşma memorandumu imzalanıb.
Eyni zamanda, görüşdə iştirak edən Misirin Heliopolis Universitetindən olan nümayəndə heyətinin rəhbəri Dr. Ahmed Eishazly ilə də əməkdaşlıq əlaqələri müzakirə edilib.
Qeyd edilən tədbirdən sonra akademik İradə Hüseynova və onu müşayiət edən alim heyəti professor Ali Nazın rəhbərliyi ilə təşkil olunmuş “Genom innovasiyalarının tətbiqi ilə buğdanın biomüxtəlifliyində quraqlıq və istilik stresinə davamlılığının artırılması” mövzusunda elmi seminarda iştirak ediblər. Seminar zamanı BMBF-ə təqdim ediləcək layihənin planı və görüləcək işlərlə bağlı ətraflı müzakirələr aparılıb. Tədbirdən sonra Osnabruk Universitetinin mühazirə otaqlarına, elmi kitabxanasına, laboratoriyalarına, bitki yetişdirmə otaqlarına, oranjereyalarına baxış keçirilib.
Səfərin ikinci günü səhər azərbaycanlı alimlər universitetin “Agro-Technicums” adlı bölməsini ziyarət ediblər. Burada bölmə əməkdaşları qonaqlara yeni nəsil kənd təsərrüfatı texnikaları, rəqəmsal fenotipləmə cihazları haqqında ətraflı məlumat veriblər.
Həmin gün Almaniyanın Hannover şəhərində yerləşən ən böyük seleksiya kompaniyası olan “KWS-Seeds Einbeck”-ə ziyarət təşkil olunub. Şirkətin əməkdaşı Dr. Monika Spillerin müşayiəti ilə buğda seleksiyası stansiyasına, o cümlədən Almaniyanın yüksək məhsuldar elit buğda sortlarının əkin sahələrinə baxış həyata keçirilib, yerli mütəxəssislərlə geniş müzakirələr aparılıb. Eyni zamanda bu sortların toxumlarının tədqiqat məqsədilə ölkəmizə gətirilməsi ilə əlaqədar razılıq əldə olunub və bununla bağlı sənədlərin hazırlanması prosesinə başlanılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.