Martın 13-də ölkəmizdə yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının (MAA) Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyevin 85 yaşı tamam olur.
Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirib.
1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayan alim bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən bu günədək isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiridir.
O, 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı “Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub.
B.Tağıyev 350 elmi məqalə, o cümlədən 40-a yaxın müəllif şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi altında 30 fəlsəfə və 10 elmlər doktoru yetişdirilib.
Akademik elm sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.
Görkəmli alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmin və təhsilin inkişafı istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.