www.science.az
15.01.2020 11:32

Filologiya elmləri sahəsi üzrə yeni yaradılmış Dissertasiya Şurasının ilk iclası keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 19 dekabr 2019-cu il tarixli əmri ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin nəzdində ED 1.31 qeydiyyat nömrəsi ilə filologiya elmləri sahəsində fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün Dissertasiya Şurası yaradılıb.

Şuranın sədri muzeyin direktoru, akademik Rafael Hüseynov, sədr müavini filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, elmi katibi filologiya elmləri doktoru, professor Tofiq Məlikov təyin edilib. Dissertasiya Şurasının tərkibinə respublikanın görkəmli alimləri daxildirlər.

Yanvarın 14-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni yaradılmış Dissertasiya Şurasının ilk iclası keçirilib.

Tədbirdə akademik R.Hüseynov son dövrlərdə humanitar elm sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, Dissertasiya Şurasında 5715.01 - Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, 571601 - Azərbaycan ədəbiyyatı, 571801 - Dünya ədəbiyyatı (İran ədəbiyyatı), 572101 - Mətnşünaslıq; mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçiriləcəyini diqqətə çatdırıb.

Şura sədri humanitar elmin prioritet istiqamətlərində araşdırmaların aparılması, mövzuların miqyasının genişləndirilməsi, yeni tədqiqatların müasir dünya elminin tələblərinə uyğunlaşmasının zəruriliyini qeyd edib.

İclasda Dissertasiya Şurasının fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, müəyyən edilmiş nöqsanların əsaslandırılması, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.