AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun rəhbərliyi, eləcə də AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda onlayn interaktiv seminar keçirilib.
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun moderatorluğu ilə “Zoom” platforması üzərindən baş tutan onlayn seminara akademiyanın müxtəlif elmi müəssisələrində çalışan, habelə xarici ölkələrdə (ABŞ, Kanada, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa və s.) təhsil alan və tədqiqat aparan azərbaycanlı gənc alim və mütəxəssislər, o cümlədən doktorant və dissertantlar qatılıblar.
Tədbiri giriş nitqi ilə açan Əminağa Sadıqov öncə son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrə münasibət bildirib. O, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin düşmənin bu təxribatına qarşı sərt mövqe nümayiş etdirməsini, onun rəhbərliyi ilə ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsini və onu susdurmasını, eləcə də xalqımızın öz dövlətinə və onun rəhbərinə sədaqət nümayiş etdirməsini yüksək qiymətləndirib.
Sonra mənfur düşmənin Azərbaycanın Tovuz rayonunda törətdiyi hərbi təxribata qarşı döyüşlərdə qəhrəmancasına şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik-katib Ə.Sadıqov vurğulayıb ki, xalqımızın əsas ziyalı təbəqəsinin cəmləşdiyi AMEA və onun prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla, AMEA Rəyasət Heyətinin üzvləri, çoxsaylı alimləri, o cümlədən gənc mütəxəssisləri bütün bu prosesləri diqqətlə izləmiş, xalqımızın avanqard intellektual qüvvəsi kimi ölkə başçısının yanında olduqlarını praktiki addımları və əməlləri ilə nümayiş etdirmişlər. Bu işdə AMEA-nın Elm və təhsil idarəsinin əməkdaşları və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri xüsusi fəallıq göstərmişdir.
Bu gün bütün dünyanın eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizə apardığını söyləyən Ə.Sadıqov qeyd edib ki, ən böyük təlatümlər zamanı bəşəriyyət elmə müraciət edir, alimlərin dəstəyindən istifadə edərək ən böyük böhran vəziyyətlərindən çıxır.
“Pandemiya ilə əlaqədar ölkədə elan edilən karantin rejiminin tələblərinə uyğun fəaliyyətinə icazə verilən digər orqanlar kimi, AMEA və onun tədqiqat institutları da bu müddət ərzində əsasən onlayn rejimdə fəaliyyət göstərir”, – deyə bildirən alim əlavə edib ki, karantin rejimi alimlərimizin tam potensiallarını ortaya qoymasında müəyyən çətinliklər yaratsa da, bütövlükdə fəaliyyətimizə ciddi maneələr yaratmadı.
Ə.Sadıqovun sözlərinə görə, ölkə daxilində və xaricdə bir sıra kütləvi tədbirlərin təxirə salınmasına baxmayaraq AMEA Azərbaycan elminin dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində uğurlu fəaliyyətini davam etdirir, alimlərimiz tədqiqatlarının əsas nəticələrini nüfuzlu jurnallarda dərc etdirir, habelə çoxsaylı onlayn beynəlxalq konfranslarda iştirak edərək əcnəbi həmkarları ilə geniş fikir mübadiləsi aparırlar.
Akademik-katib Ə.Sadıqov pandemiya şəraitindən minimal itkilərlə çıxmaq üçün alimlərimizin, xüsusən də gənc mütəxəssislərin çiyinlərinə böyük yük düşdüyünü bildirib. Qeyd edib ki, gənc tədqiqatçılar aid olduqları elm sahələrində dünya elminə daha çox töhfə verməli, Azərbaycan elmini layiqincə təmsil etməlidirlər.
O, pandemiya şəraitinin yaratdığı problemlərdən danışaraq bildirib ki, tədbirlərin internet üzərindən keçirilməsi zamanı ötürülən məlumatların konfedensiallığının lazımi səviyyədə təmin olunması məsələləri ortaya çıxır. Bununla yanaşı, pandemiyanın insanın fiziki, mənəvi və psixoloji sağlamlığına, eləcə də iqtisadiyyata vurduğu ziyanlardan danışan Ə.Sadıqov onun idarəetmənin modelləşdirilməsi və avtomatlaşdırılması sahəsində mövcud problemləri üzə çıxardığını da vurğulayıb.
AMEA-nın müxbir üzvü Ə.Sadıqov seminara xarici ölkələrdən qoşulan azərbaycanlı gənc alimləri xüsusi salamlayaraq, akademiyanın onlara böyük ümid bəslədiyini bildirib. Qeyd edib ki, onlar Azərbaycanın elmi, siyasi və iqtisadi maraqlarını beynəlxalq arenada müdafiə edən əsas qüvvə olmalıdırlar. Müvafiq dövlət orqanları və Azərbaycan Milli Elmlər Akademiyası bu işdə onlara dəstək olmağa hazırdır.
Seminarda çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d, dosent Famin Salmanov qeyd edib ki, ölkəmizin hazırda iki cəbhədə – həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizəsində gənc alim və mütəxəssislər üzərlərinə düşən məsuliyyəti yetərincə dərk edir, çalışdıqları elm sahələrində Azərbaycanın nüfuzuna fayda gətirə bilən saysız-hesabsız işlər həyata keçirirlər. Pandemiya dövründə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində idarəçilik mexanizminin formalaşdırıldığını, yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırıldığını vurğulayan şura sədri bunun nəticəsində ölkədə yoluxanların sayının getdikcə azaldığını deyib.
Gənc alimlərin ölkədə baş verən bütün proseslərə adekvat münasibət bildirdiyini söyləyən F.Salmanov AMEA tərəfindən xaricdə təhsil və tədqiqat üçün göndərilən gənclərimizin də Azərbaycana dəstək aksiyalarında fəal iştirak etdiklərini qeyd edib. Şura sədri gənc alimlərimizin elmi-ictimai fəaliyyətlərini daha da gücləndirməsinin zəruriliyini qeyd edərək, onların çalışdıqları laboratoriya və şöbələrin təkcə tədqiqatla məşğul olduqları bir yer deyil, həm də düşmənə qarşı əsaslandırılmış elmi mübarizə meydanı olduğunu vurğulayıb.
Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov Ermənistan Silahlı Qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatlarda Azərbaycan Ordusunun göstərdiyi rəşadətin təqdirəlayiq olduğunu söyləyib, mənfur düşmənin ölkəmizə qarşı təcavüzünün qətiyyətlə pisləndiyini bildirib.
Fail Kazımov pandemiya dövründə ən böyük çətinliklərlə üzləşən sahələrdən birinin təhsil sahəsi olduğunu deyərək qeyd edib ki, bu gün dünyanın 186 ölkəsində tədris dayandırılıb, 1,2 milyard tələbə və şagird təhsil prosesindən kənarda qalıb. Azərbaycanda da mart ayının əvvəllərindən ənənəvi təhsil prosesinin müvəqqəti dayandırıldığını söyləyən idarə rəisi tədrisin onlayn vasitələrdən istifadə etməklə davam etdirildiyini vurğulayıb. O, AMEA-da da magistrant və doktorantların təhsil prosesinin akademiya prezidentinin müvafiq sərəncamına uyğun olaraq distant həyata keçirildiyini diqqətə çatdırıb.
İdarə rəisi, həmçinin alimlərimizin onlayn fəaliyyəti, yüksəkixtisaslı kadr hazırlığı, dünya elminə inteqrasiya və elmlə təhsilin vəhdəti istiqamətində görülən işlərdən danışıb. F.Kazımov fikirlərinə statistik rəqəmlərlə aydınlıq gətirib və bundan sonra ölkənin inkişafında Azərbaycan elminin rolunun artırılması istiqamətində görüləcək işlər, qarşıdakı hədəflər barədə məlumat verib.
AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva elmin inkişafında gənc tədqiqatçıların böyük rola malik olduğunu söyləyib, seminarda AMEA tərəfindən xaricdə təhsil məqsədilə göndərilən tələbələrin də iştirak etdiyini qeyd edib: “Qürurverici haldır ki, xaricə təhsil və ya tədqiqat üçün gedən gənclərimiz öz araşdırmaları nəticəsində əldə etdikləri uğurlarla Azərbaycan elminin qüdrətini və potensialını bütün dünyaya tanıdırlar”.
Onun sözlərinə görə, ötən illərlə müqayisədə, indiki dövrdə Azərbaycan gəncləri informasiya mübarizəsində böyük fəallıq nümayiş etdirir, ölkəmizin haqq səsini dünyaya çatdırırlar. Pandemiya şəraitinin xarici elmi tədqiqat qurumları və təşkilatları ilə əlaqələri bir qədər məhdudlaşdırdığını deyən idarə rəisi bu səbəbdən bir sıra layihələrin vaxtının uzadıldığını diqqətə çatdırıb.
Avropa Komissiyasının “Horizon-2020” tədqiqat və innovasiyalar proqramı çərçivəsində bir sıra uğurlu nəticələrin əldə olunduğunu vurğulayan E.Əlirzayeva karantin müddətində COST proqramı çərçivəsində 6 layihənin icra olunduğunu nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Əfsun Sucayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Sakin Cabbarov, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı gənclərin daim dövlət siyasətinin həyata keçirilməsinə dəstək nümayiş etdirdiklərini, koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu dəstəyin özünü daha aydın büruzə verməyə başladığını qeyd ediblər.
Çıxış edənlər pandemiya dövründə gənc alimlər tərəfindən aparılan tədqiqatlardan danışıb, onların araşdırmalar zamanı qarşılaşdıqları problemlərin həlli yolları ilə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.
Onlayn seminarda, həmçinin Kanadanın “Redlen Technologies” şirkətinin tədqiqatçısı Rəvanə Həmzəyeva, Böyük Britaniyanın Oksford Universitetinin doktorantı Gülnar Abdullayeva, Dubna Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində tədqiqatçı, fizika üzrə fəlsəfə doktoru Mətləb Mirzəyev, Polşanın Pozdnan Universitetində Post-dok tədqiqatçı, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədov və Fransanın Monpelye Universitetinin doktorantı Səid Paşayev çıxış edərək Azərbaycan-Ermənistan sərhədində baş verən proseslərə öz münasibətlərini bildiriblər.
Gənc alimlər xaricdə yaşayan azərbaycanlıların ermənilərin dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Rusiyada törətdikləri əməllərini pislədiklərini, Azərbaycana dəstək aksiyaları keçirdiklərini vurğulayıblar. Həmçinin koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar elmi araşdırmaların aparılmasında üzləşdikləri problemlərdən danışıblar.
Seminara xəstəxanadan qoşulan və COVID-19-dan müalicə olunan Fiziologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, ixtisasca həkim Şövqi Hüseynov təcrübəsini bölüşərək özünün gənc və fiziki olaraq sağlam olmasına baxmayaraq, koronavirusdan müalicəsinin çox ağır getdiyini, bir neçə gün süni nəfəs aparatına qoşulduğunu və reanimasiyada yatdığını, dövlətin onun müalicəsinə on minə yaxın vəsait xərclədiyini bildirib. O, gənc həmkarlarını və əhalini müvafiq dövət qurumlarının pandemiya ilə bağlı tətbiq etdikləri qaydalara ciddi əməl etməyə çağırıb.
Tədbirə yekun vuran AMEA-nın akademik-katibi Ə.Sadıqov akademiya gənclərinin koronovirus pandemiyası dövründə də dövlətin siyasətini dəstəklədiklərini, pandemiya ilə əlaqədar yaranan problemlərin həllində öz töhfələrini verdiklərini, eləcə də əhəmiyyətli elmi nəticələrin əldə olunmasında fəallıq nümayiş etdirdiklərini vurğulayıb. Ə.Sadıqov, həmçinin gənclərimizi ayıq olmağa, bəzi xarici qüvvələrin törətmək istədiyi təxribatlara uymamamağa və onlara qarşı diqqətli davranmağa səsləyib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.