Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.03.2018 12:42
  • A-
  • A
  • A+

AMEA əməkdaşları üçün tikiləcək ilk yaşayış kompleksinin təməli qoyulub

AMEA əməkdaşları üçün tikiləcək ilk yaşayış kompleksinin təməli qoyulub

Bu gün Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) AMEA əməkdaşları üçün tikiləcək kooperativ yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illər rəhbərlik etdiyi qurumda əməkdaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O, akademiya tarixində ilk dəfə olaraq tikiləcək yaşayış kompleksinin ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Əlavə edib ki, əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsi hər zaman rəhbərliyin diqqət mərkəzində saxlanılacaq.  

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edən akademik Akif Əlizadə əhalinin sosial rifahının yüksəldilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, akademiya tarixində mühüm hadisə olan “Alimlər şəhərciyi”nin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.

AMEA-da həyata keçirilən gənclər siyasətindən söz açan akademik A.Əlizadə bu qurumda təşkil olunan magistratura pilləsinin gənc kadrların elmə cəlb olunması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Alim gənclərin sosial problemlərinin həlli ilə də bağlı hər zaman lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək yeni kompleksin tikilməsinin Abşeron sakinləri üçün böyük tarixi əhəmiyyətə malik olduğunu deyib.

İ.Gülməmmədova “Science City” yaşayış kompleksinin ekoloji təmiz havası olan ərazidə yerləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Təhsil nazirinin müavini Firudin Qurbanov elm şəhərçiyinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qiymətləndirərək, bu layihəyə təhsil işçilərinin də qoşulmasının məqsədəuyğun olduğunu vurğulayıb.  

Sonra akademik Akif Əlizadə rəmzi lenti kəsərək "Science City" yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Xatırladaq ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumulikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: