Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.09.2021 11:25
  • A-
  • A
  • A+

Arxeoloq alimlərimiz “Horizon 2020” Proqramı çərçivəsində Türkiyədə ezamiyyətdə olublar

Arxeoloq alimlərimiz “Horizon 2020” Proqramı çərçivəsində Türkiyədə ezamiyyətdə olublar

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Səfər Aşurov və elmi əməkdaşı İlahə Nehmətova, Orta əsrlər şöbəsinin elmi əməkdaşı, t.ü.f.d. Namiq Hüseynli, Antik dövr arxeologiyası şöbəsinin elmi əməkdaşları Cavid Bayramov, Nərmin Məmmədli, Nərmin Bayramova və Lola Hüseynova, Eneolit və erkən tunc dövrü şöbəsinin elmi əməkdaşı Əjdər Babazadə, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin  elmi əməkdaşı Günay Bayramova və Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə Avropa Komissiyasının “Horizon 2020” Mariya Skladovskaya-Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Türkiyənin İnsan Doğramacı adına Bilkənt Universitetində elmi ezamiyyətdə olublar.

Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans ad. Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovdur.

Ezamiyyətin əsas məqsədi elmi tədqiqat, biliyin mübadiləsi, elmi seminarların keçirilməsi və gənc alimlər üçün təlimlərin təşkili olub.

Alimlərimiz Bilkənt Universitetinin Arxeologiya bölməsində elmi seminarlarda iştirak ediblər. Seminar Arxeologiya bölməsinin prehistorik istiqaməti üzrə rəhbəri, dosent, PhD Tomas Zimmerman tərəfindən həyata keçirilib. İlk seminarda T.Zimmerman Türkiyədə aparılan arxeoloji araşdırmalar və eramızdan əvvəlki dövrdən son dövrlərədək tarixi xronologiyadan geniş şəkildə bəhs edib. Azərbaycan arxeoloqları türkiyəli həmkarları ilə öz təcrübələrini bölüşüblər. Elmi seminar sonda suallar və müzakirə ilə tamamlanıb.

İkinci elmi seminar iki ayrı hissədə baş tutub, birincisi - Anadoluda metalişləmə, ikincisi isə Troya qazıntıları və onun nəticələri haqqında olub. Mühazirələr elmi mühazirələr və suallarla yekunlaşıb.   

Layihə iştirakçıları universitetin Arxeologiya bölməsinin professoru Maria Henriette Gatesin emalatxanasını da ziyarət edib, orada Kinet Höyük keramikaları ilə tanış olublar. Maria H.Gates qonaqlara keramikanın tədqiqat üsulları barəsində məlumat verib.

Ezamiyyət dövründə AMEA-nın əməkdaşları Hacettepe Universitetinin tərkibində yerləşən Antropologiya bölməsində görüş də keçiriblər. Görüş zamanı bölmənin rəhbəri, professor Yılmaz Selim Erdal Antropologiya və onun elmi əsası haqqında geniş məlumatlar verib. Həmçinin Hacettepe Universitetinin tərkibində yerləşən Skelet biologiyası laboratoriyası haqqında məlumat verərək onun iş prinsipləri, analizlərin aparılması, toplanılması və elmi dövriyyəyə daxil edilməsindən geniş söhbət açıb.

Daha sonra layihə iştirakçıları Hacettepe Universitetində fəaliyyət göstərən Genetik laboratoriyanın işi ilə də tanış olublar. Laboratoriya Avropa Komissiyasının “Horizon 2020 European Research Agency” Proqramı tərəfindən ayrılan qrant hesabına maliyyələşib.

Ezamiyyət dövründə alimlərimiz Ankara muzeylərinin arxeoloji kolleksiyaları ilə də tanış olub, Bilkent Universitetinin kitabxanasında tədqiq etdiyi mövzular üzrə ədəbiyyat toplayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: