Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

SOCAR-ın Elm Fondu elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsi elan edir
19.10.2021 17:15
  • A-
  • A
  • A+

SOCAR-ın Elm Fondu elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyasında neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə 2021-ci il üçün müsabiqə elan edir:

1. Təqdim olunan layihələr aşağıdakı elm sahələrinə aid olmalıdır:

- Yer elmləri;

- Texnika elmləri;

- Kimya elmləri.

2. Elmi araşdırmaların aşağıdakı prioritet istiqamətləri üzrə təqdim edilən layihələrə üstünlük verilir:

- Neft-qaz yataqlarının neftveriminin artırılması;

- İşlənmədə olan yataqlarda, istismar şəraitindən, dərinlikdən, sulaşma faizindən, hasilat səviyyəsindən və digər geoloji, texnoloji və iqtisadi amillərdən asılı olaraq quyuların istismarının rentabellik həddinin təyin edilməsi;

- Yeraltı qaz anbarlarının istismarının xüsusiyyətləri, laylar daxili və laylar arası itkilərin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi;

- Neft-qaz yataqlarının xüsusiyyətlərini nəzərə alınmaqla işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirin azaldılmasına dair tədbirlər;

- Nanotexnologiyaların tətqiqi və tədbiqi ilə neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər;

- Qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi;

- Neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;

- Neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların tətbiqi;

- Quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnikadan istifadə;

- Neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;

- Neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;

- Neft-qaz sənayesində intellektual mexatron sistemlər;

- Neft-qaz hasilatının optimallaşdırılmasında kompüter proqram təminatı;

- Kiçik dərinliklər geofizikasının  geoloji və arxeoloji aspektləri;

- Neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit.

3. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (müsabiqə növünün kodu: ET) nominasiyası üzrə keçirilir.

4. Müsabiqədə AMEA-nın əməkdaşları və ya onlarla birgə layihədə çalışan SOCAR-ın işçiləri iştirak edə bilərlər. Layihələr müsabiqəyə fərdi və kollektiv formada təqdim oluna bilər. Müsabiqəyə təqdim edilən layihə həmin layihə üzrə rəhbərlə təmsil olunmalıdır.

5. Layihələr müəyyən olunmuş formaya uyğun (buradan yükləyinForma ET) tərtib olunaraq digər sənədlərlə birlikdə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, 407-ci otaq) layihə rəhbəri tərəfindən birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə təqdim olunmalıdır. Layihələr 2021-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün Elmi-təşkilat idarəsinə (tel.: (+994 12) 497 21 28; e-mail: eti@science.az) müraciət etmək olar.

6. Müsabiqədə iştirakın xüsusi şərtləri:

- Fondun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;

- layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqədə iştirak edə bilər: bir layihə üzrə layihə rəhbəri, digər layihə üzrə isə icraçı qismində müsabiqədə iştirak etmək olar;

- layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır;

- bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və içraçılar) ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Yalnız İdarə Heyətinin qərarı ilə layihə iştirakçılarının sayı artırıla bilər.

7. Aşağıdakı hallarda layihələr Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:

- müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;

- digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;

- layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;

- tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.

8. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin  pozulması  halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.

9. Bütün layihələr bir qayda olaraq, Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır.

10. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);

- layihənin xərclər smetası (Forma 3);

- layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);

- layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış.

11. Ərizənin (Forma 1), ərizəyə əlavə olunan sənədlərin (Formalar 2-4) və digər müşayiətedici materialların elektron variantının kağızda olan varianta tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır.

12. Təqdim edilən layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər   məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir.

13. Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün Fondun İdarə Heyətinə təqdim edir.

SOCAR-ın Elm Fondunun İdarə Heyəti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: