Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2021 17:24
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti seçilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti seçilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, iclasın gündəliyinə institutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 5 illik hesabatı, yeni İdarə Heyətinin seçilməsi daxildir.

Sonra Şura sədri dosent Faiq Məmmədovun Gənc Alim və Mütəxəssislər Şurasının 5 illik fəaliyyətinə aid hesabat məruzəsi dinlənilib. O bildirib ki,  işlədiyi müddət ərzində həmişə institut rəhbərliyinin gənclərə diqqət və qayğısının şahidi olub və gənclərə rəhbərlik tərəfindən böyük önəm verilib, onların hər bir problemi dərhal həll olunub, verdiyi təkliflər nəzərə alınıb.

Daha sonra akademik Dilqəm Tağıyev Şuranın fəaliyyətinin bu illər ərzində uğurlu olduğunu vurğulayıb. Alim bildirib ki, Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2 bəndinə əsasən 35 yaşınadək olan gənclərdən ibarət olmalıdır. Buna görə də, şuranın yeni tərkibi seçilməlidir. Sonra  Kataliz və Qeri-üzvi Kimya İnstitutunun  GAMŞ-nın İdarə Heyətinin 7 nəfərdən ibarət yeni tərkibi seçilib. Səsvermə yolu ilə institutun böyük elmi işçisi Elmir Babayev sədr, elmi işçi Nigar Babayeva isə müavin seçiliblər.

Sonda akademik Dilqəm Tağıyev gənclərə təklif və tövsiyələrini verib, uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: