Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.12.2021 16:24
  • A-
  • A
  • A+

MEK-də “Qarabağ Zəfərinin memarı” adlı tədbir keçirilib

MEK-də “Qarabağ Zəfərinin memarı” adlı tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar “Qarabağ Zəfərinin memarı” adlı lektoriya keçirilib.

Elm adamları, doktorant və dissertantların iştirak etdiyi lektoriyada ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən, MEK-in baş direktoru, professor Məmməd Əliyev 60 yaşlı Prezidentin sadəcə xalqının deyil, müharibə dövründə göstərdiyi diplomatik siyasətlə bütün dünyanın hörmətini qazanmış rəhbərə çevrildiyini bildirib.

“Dünya tarixinə adını fatehlər sırasında yazdıran İlham Əliyev Qarabağ fatehinə çevrilərək adını hərbi - siyasi tariximizə qızıl hərflərlə həkk etdirdi! Xüsusi siyasi intellektə, geniş dünyagörüşünə, bir neçə dünya dillərinə dərindən bələd olan Ali Baş Komandan tarixi ədaləti 44 günlük Vətən müharibəsi dövründə həm dəmir yumruqla masada, həm də dərin siyasi diplomatiyası ilə beynəlxalq arenada bərpa etdi. Zəfərə gedən yola illər öncə başlayan Prezident İlham Əliyev, ən doğru zamanı gözləyərək, ən çətin anlarda addım-addım irəlilədi. İlk öncə Azərbaycan Ordusunu gücləndirən Ali Baş Komandan, digər tərəfdən dünya arenasında təkrarsız diplomatik bacarığı ilə ölkənin siyasi, iqtisadi infrastrukturunu daha da artırdı”, - deyə baş direktor Məmməd Əliyev bildirib.

Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov lektoriyada geniş məruzəsi zamanı Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarına sadiq qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın regionun ən güclü dövlətinə çevrildiyini vurğulayıb. Azərbaycanın tarix boyunca müxtəlif təzyiqlərə məruz qaldığını qeyd edən alim, ölkəmizin inkişafı naminə Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini də  nəzərə çatdırıb. Cəbi Bəhramov, həmçinin qeyd edib ki, Prezident İlham Əliyev bir milyon qaçqının üzərindən “qaçqın” adı statusunu götürərək Azərbaycan xalqını qələbəyə çatdırdı. “Cənab Prezident İlham Əliyev Şah İsmayıl ordeninə layiq ümummilli qəhrəmandır!”, - deyə tarixçi alim vurğulayıb.

Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli çıxışı zamanı İlham Əliyevi nəinki böyük siyasətçi, həm də ailəsinə, torpağına, xalqına bağlı gənclərə örnək olacaq şəxsiyyət kimi xarakterizə edib. Alim özünün müəllifi olduğu və cari ildə işıq üzü görən “Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu” adlı kitabını Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Tədbirin bədii hissəsində Muğam Televiziya müsabiqəsinin laureatı Sədəf Budaqovanın ifası dinlənilib.

Sonda tədbir iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasətindən bəhs edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: