Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın Rəyasət Heyəti aparatında və İşlər idarəsində çalışan şəhid ailələri, Qarabağ müharibəsinin iştirakçıları və onların ailə üzvləri ilə görüşüb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsinin xalqımızın misilsiz tarixi nailiyyəti olduğunu xüsusi vurğulayan AMEA prezidenti şəhid ailələrini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edib. Akademik Ramiz Mehdiyev daha sonra Akademiyanın Rəyasət Heyəti aparatında və İşlər idarəsində çalışan şəhid ailələri və Qarabağ müharibəsinin iştirakçıları və onların ailə üzvlərinə xatirə hədiyyələri və mükafatlar təqdim edib.
AMEA-nın əməkdaşları – şəhid ailəsi Yeganə Məmmədova, şəhid qardaşı Hüseyn Hüseynov, şəhid ataları Bayram Bayramov və Yunus Bağırov, Birinci Qarabağ müharibəsi veteranları Kamal Əliyev, Ariz Məmmədov, Azad Rzayev, İntiqam Abdullayev və Sərvər İbrahimov, müharibə veteranına bərabər tutulan şəxs Natiq Mehdiyev, İkinci Qarabağ müharibəsi veteranı Bəhruz Əzizli, müharibə iştirakçısı Rahib Əliyev və İkinci Qarabağ müharibəsi veteranının anası Nəzakət Əliyeva mükafatlandırılıblar.
Tədbirdə çıxış edən müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri AMEA-da son vaxtlar əməkdaşların sosial şəraitinin yaxşılaşdırılmasına görə, eləcə də elmi-tədqiqat müəssisələrində aparılan islahatları yüksək dəyərləndirərək Akademiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bundan sonra da Akademiya əməkdaşlarının sosial müdafiəsinin daim diqqətdə saxlanılacağını qeyd edərək onların iş şəraitinin daha da yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması istiqamətində davamlı və əhəmiyyətli tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.