Martın 3-də Ədəbiyyat İnstitutunda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov Akademiyanın Humanitar Elmlər Bölməsinin (HEB) elmi müəssisələrinin baş direktorları, icraçı direktorları və elmi katibləri ilə görüşüb.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, ötən il HEB-in müəssisələrində çalışan əməkdaşların fəaliyyəti yüksək olub və onların tədqiqatlarının nəticəsi 2 mindən çox məqalə və tezisdə (20-si impakt faktorlu jurnallarda), 200-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitində əksini tapıb.
Akademikin sözlərinə görə, bölmədə Azərbaycanın ədəbiyyatı, folkloru, incəsənəti, maddi mədəniyyət abidələri və s. istiqamətlərdə mühüm tədqiqatlar aparılsa da, əldə edilən nəticələr humanitar sahədə beynəlxalq impakt faktorlu jurnallar tərəfindən ikili standartlara məruz qalır və bu da öz növbəsində impakt faktorlu nəşrlərdə Humanitar Elmlər Bölməsinin alimlərinin göstəricisinə mənfi təsir edir. Akademik İsa Həbibbəyli bu problemdən qaynaqlanaraq Humanitar Elmlər Bölməsinin əməkdaşlarının əsərlərinə xarici həmkarları tərəfindən az istinad edildiyini bildirib.
Qeyd olunan problemlərin həlli ilə bağlı təkliflərini səsləndirən AMEA-nın vitse-prezidenti alimlərimizin respublika daxilində çap edilən məqalələrinin istinad indeksini hesablamaq məqsədilə mərkəzin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin AMEA-da ingilis və rus dillərində Humanitar və İctimai Elmlər bölmələrini əhatə edən jurnalın çap olunmasını təklif edib.
Bölmənin beynəlxalq əlaqələrinə toxunan natiq Türkiyə, Çin, Pakistan, Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq münasibətlərinin olduğunu, tezliklə isə Ədəbiyyat İnstitutunda Məhməd Akif Ərsoy Mərkəzinin açılmasının planlaşdırıldığını vurğulayıb.
Sonra çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda Azərbaycanın qədim və zəngin mədəniyyətinin, ədəbi-bədii düşüncəsinin, maddi və qeyri-maddi abidələrinin, dilinin, folklorunun, görkəmli mədəniyyət xadimlərinin zəngin irsinin müasir nəzəri-metodoloji baxışlara uyğun tədqiqi və təbliği istiqamətində mühüm tədqiqatlar həyata keçirilir. Akademik Arif Həşimovun sözlərinə görə, milli dövlətçiliyə xidmət baxımından humanitar elm sahələrində çalışan alimlərin fəaliyyətinin mühüm strateji istiqamətini əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası təşkil etməlidir.
O bildirib ki, son dövr istər dünyanın müasir çağırışları, istərsə də ölkənin yeni reallıqlara uyğun sosial-iqtisadi və mədəni-mənəvi inkişafı Azərbaycanda humanitar elm sahələri qarşısında yeni vəzifələr müəyyənləşdirib: “Azərbaycançılıq ideologiyasının və multikulturalizm görüşlərinin elmi-nəzəri əsaslarının müasir tələblər səviyyəsində işlənib hazırlanması, informasiya müharibəsi şəraitində Azərbaycan mədəniyyəti ilə bağlı həqiqətlərin daha konseptual və dəqiq tarixi mənbələrə əsaslanmaqla tədqiqi və təbliği, eləcə də milli kimliyin qorunması baxımından humanitar elmi tədqiqatların aparılması vacibdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpasında mədəni resurslardan optimal istifadə edilməsi, qloballaşma şəraitində Azərbaycan dilinin funksionallaşma imkanlarının artırılması, qədim əlyazmaların transliterasiyası, tərcüməsi və tədqiqi, milli dəyərlərin qorunması baxımından folklorşünaslığın inkişafı, internet mühitində gedən yeni texnokulturoloji proseslərin öyrənilməsi, kulturoloji, antropoloji, psixoloji və sosioloji tədqiqatlar arasında multidissiplinar əlaqələrin genişləndirilməsi və s. belə vəzifələrdəndir”.
Akademik Arif Həşimov vurğulayıb ki, qeyd edilən hədəflərə nail olmaq üçün bu elm sahələri üzrə çalışan alimlərin əldə etdiyi elmi nəticələr və həyata keçirdiyi mədəni proqramlar ilk növbədə dövlətçilk düşüncəsinin milli təfəkkürdə sabitləşməsinin, milli-mənəvi dəyərlərin müasir inkişafımız üçün səfərbər edilməsinin daha optimal yollarının araşdırılmasına sərf edilməlidir. O qeyd edib ki, bütün bu sadalanan məqsədlərə nail olmaq üçün əsas vəzifələrdən biri ictimai-humanitar elmlər üzrə müxtəlif tədqiqat sahələrində çalışan alim və mütəxəssislərin elmi fəaliyyətinin əlaqələndirilməsinə, həmçinin elmi tədqiqatların kompleks problem mövzular üzrə aparılmasına nail olmaqdır.
Daha sonra akademik Arif Həşimov müasir dövrün qlobal çağırışları və milli-mənəvi, milli-mədəni tələblərə uyğun olaraq ayrı-ayrı elm sahələrinin qarşısında dayanan problemləri diqqətə çatdırıb. Onun sözlərinə görə, ədəbiyyatşünaslıq sahəsində, xüsusən dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin müasir nəzəri-metodoloji tələblər səviyyəsində öyrənilməsi daha da genişləndirilməli, bəşəri və milli dəyərləri ehtiva edən yanaşmalar təbliğ edilməlidir: “Bununla yanaşı, Azərbaycan folklorunun toplanılması, tərtibi, kataloqlaşdırılması, xüsusən sosial-antropoloji folklorşünaslığın inkişafı istiqamətində konkret addımlar atılmalıdır. Yeni innovativ modellərin və yeni İKT texnologiyaların tətbiqi ilə muzeyşünaslığın inkişafı, memarlıq və incəsənət sahəsində tədqiqatların təkmilləşdirilməsi həyata keçirilməlidir”.
Akademik Arif Həşimov çıxışının sonunda bildirib ki, AMEA-nın humanitar profilli elmi müəssisə və təşkilatlarının kifayət qədər elmi potensialı mövcuddur və bu potensialın daha da aktuallaşdırılması, humanitar elm sahələrində müasir tələblər səviyyəsində tədqiqatların aparılması üçün birgə səylər daha da artırılmalıdır.
Görüşdə, o cümlədən AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edərək bölmə əməkdaşlarının layihələrdə iştirakının genişləndirilməsi, əlyazmaların elektronlaşdırılması məqsədilə Əlyazmalar İnstitutunun müvafiq avadanlıqla təchiz olunması, milli elmimetrik bazanın yaradılması, ixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik Arif Həşimov tədbirdə səsləndirilən təkliflərin 2022-2030-cu illər “Azərbaycan elminin inkişaf Strategiyası”nın layihəsinə salınacağını deyib, bölmənin əməkdaşlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.