Xərçəng əleyhinə peptidlər ailəsinə aid olan kationik pentapeptidin (EQRPR) ağciyər xərçəngi ilə mübarizədə çox effektli dərman olmasının mümkünlüyü göstərilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində kationik EQRPR pentapeptidin xərçəngə qarşı eyni zamanda iki hədəfə təsir mexanizmi aşkar edilib. Epidermal böyümə faktoru reseptoru (EBFR) tirozin kinaza və qeyri-reseptor proto-onkogen tirozin protein kinaza (Fyn) xərçəng xəstəlikləri ilə mübarizədə mühüm hədəflərdən sayılır. Bu hədəflərdən yalnız birinə təsir edən bir neçə dərmən varr. İn-silico doking metodu ilə göstərilib ki, kationik EQRPR pentapeptidi eyni zamanda hər iki hədəfə təsir edib onu inhibə etmək qabiliyyətinə malikdir. Bu peptidin və D-izomerlərinin hər iki zülalla qarşılıqlı təsir enerjiləri onun geniş istifadə olunan Erlotinib və TAK-285 dərmanlardan daha effektiv olacağına əsas verir. Ağciyər xərçənginin müalicəsində çox zaman ikinci mutasiya EGFR (T790M ) yaranır və bu tətbiq olunan dərmana qarşı rezistivlik göstərir. Molekulyar doking tədqiqatları göstərir ki, kationik EQRPR peptidi ikinci mutasiya (T79M) qarşı da effektli olmalıdır. Bu xərçəng xəstəliklərinin müalicəsi üçün çox mühüm hadisədir.
Aparılan experimental təcrübələr molekulyar doking metodundan alınan nəticələri dəstəkləyir. Belə ki, istər Lanqmuir DPPC monotəbəqələrində, istərsə də Furye Çevirici İnfraqırmızı spektroskopiya metodu ilə EQRPR və phospolipidlərin qarşılıqlı təsiri göstərilib.
Bundan əlavə, tədqiq olunan pentapeptidlərin farmakoloji xüsusiyyətləri in silico üsulu ilə aşkar edilib. ADME (udma, paylanma, metabolizm, ifrazat) və toksiklik təhlili aparılıb.
Tədqiqat işlərinə Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz rəhbərlik edir.
Alınan mühüm nəticələr yüksək impakt faktorlu (3.392) “Journal of Biomolecular Structure and Dynamics” beynəlxalq jurnalda çap olunub. (Molecular docking of the pentapeptide derived from rice bran protein as anticancer agent inhibiting both receptor and non-receptor tyrosine kinases). Bu iri həcmli tədqiqatda Biofizika İnstitutunun gənc alimləri Mətanət Baxışova və Ləman Daşdəmirovanın mühüm əməyi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.