Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2023 12:39
  • A-
  • A
  • A+

AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Spartakiadanın açılışı olub

AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Spartakiadanın açılışı olub

Aprelin 18-də AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiadanın açılışı olub.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da ənənəvi olaraq keçirilən Spartakiadanın builki yarışları Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilib. “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Akademiyada genişmiqyaslı tədbirlərin, konfransların keçirildiyini, kitabların, monoqrafiyaların işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli mayın 1-də 8 ölkənin Akademiyasının rəhbərliyinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının keçiriləcəyini diqqətə çatdırıb.

AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Liderə həsr edilmiş tədbirlər içərisində idman yarışları da xüsusi əhəmiyyət daşıyır və Ulu Öndər Heydər Əliyev Azərbaycan idmançılarının dünya idman arenasında öz layiqli yerini tutması, Olimpiya hərəkatında aktiv iştirak etmələri istiqamətində misilsiz xidmətlər göstərib.

“Ölkəmizdə bütün sahələrdə inkişafa nail olmuş Prezident İlham Əliyev idman siyasətinə də xüsusi diqqət yetirir. Azərbaycanın paytaxt və rayonlarında tikilən olimpiya kompleksləri ölkəmizdə idmanın inkişafına meydan açıb. Ölkə başçısı tərəfindən beynəlxalq yarışlarda uğur qazanan idmançılarımızla görüşlər keçirilir, onlara daima böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev həm də Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdırıb və müstəqillik illərində Bakıda Avropa və İslam oyunları kimi böyük yarışların keçirilməsi bunun isbatıdır”, - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA prezidenti qeyd edib ki, bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması və idmançılarımıza qarşı göstərilən xoşagəlməz hal Ermənistanın təcavüzkar, terrorçu və faşist dövlət olduğunun sübutudur: “Bakıda keçirilən Avropa oyunlarında isə erməni idmançıların təhlükəsizliyi tam təmin olunmuşdu və yer tutan erməni idmançılara medallarını Azərbaycan Prezidenti şəxsən təqdim etmişdi. Bu, İlham Əliyev ucalığı, Azərbaycan dövlətinin, rəhbərliyinin tolerantlığının nümunəsi idi. Ermənistandakı hadisə isə insanlıqdan uzaq bir hadisədir və bunu qətiyyətlə pisləyirik”.

Akademik çıxışının sonunda vurğulayıb ki, bu gün Azərbaycan dövləti Ulu Öndərin atdığı təməllər üzərində Prezident İlham Əliyevin liderliyində gələcəyə doğru inamla irəliləyir, inkişaf edir.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov çıxışında bildirib ki, hər il Akademiyada Ulu Öndərə həsr olunmuş institutlararası futbol çempionatı keçirilir, 2 ildən bir isə Spartakiada yarışları baş tutur. Qeyd edib ki, builki Spartakiadanın “Heydər Əliyev İli”nə təsadüf etməsi şərəfli və qürurverici haldır. Spartakiadada Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların daim aktiv iştirak etdiyini deyən Habil Qurbanov cari futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarına ümumilikdə 15 müəssisənin qatıldığını diqqətə çatdırıb.

Spartakiadanın təşkilində göstərdiklərinə köməyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən professor Habil Qurbanov turnir üçün lazımi şəraitin yaradıldığını vurğulayıb və komandalara uğurlar arzulayıb.

AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev də çıxışında ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edib, Spartakiadada iştirak edən komandalara uğurlar diləyib.

Daha sonra Geologiya və Geofizika İnstitutunun və Yüksək Texnologiyalar Parkının futbol komandalarının oyunu ilə Spartakiadaya start verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: