Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.10.2023 14:32
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

 

Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəşin fəallığı orta səviyyədə olmuşdur.  Maksimal sinifli alışma 3452 regionundakı M 2.5 (R1) sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II radioemissiya, həmçinin Yerə istiqamətlənmiş bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 8 ləkə qrupu və 136 ləkə müşahidə olunur. Günəşin səthindəki Tac dəlikləri geoeffektivdir.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 3755 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə S1 səviyyəli radiasiya qasırğası gözlənilməsinə baxmayaraq, fon səviyyəsində qalmışdır. Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq, maksimal sürət 532 km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 24 nT, radial istiqamətdə isə -18 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 359 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə -5 nT təşkil edir. Hesabat dövrü ərzində 25 sentyabrda başlayan geomaqnit qasırğası 26 sentyabrda G2 (orta) səviyyəsinə kimi yüksəlmişdir. Həmçinin 22 və 25 sentyabrda baş vermiş TKA-nın təsiri ilə hesabat dövründə geomaqnit sahəsi qeyri-sabit olmuşdur.

Kosmik hava proqnozu - Proqnoz günlərində (2 - 8 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 3-4 oktyabr tarixlərində yüksəlməsi ehtimalı var, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. Günəş küləyinin sürətinə 2-3 oktyabrda müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri gözlənilir. Müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə geomaqnit sahəsinin 3-4 oktyabrda qeyri-sabit və aktiv səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: