Kosmik hava durumu - Hesabat dövrü ərzində Günəş fəallığı yüksək səviyyədə qalmışdır. 3842 ləkə oblastı aktivdir, bu oblastda 25-ci tsiklin ən güclü alışması - X9.0 sinifli alışma baş vermişdir. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 167 ləkə və Tac Dəliyi müşahidə olunur. Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 648 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -12 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 465 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.9 nT, radial istiqamətdə isə -1.2 nT təşkil edir.
Hesabat dövründə X sinifli alışmalar, alışmalara bağlı TKA-ın təsiri ilə 4-5 oktyabrda G2(orta) - G3(güclü) səviyyəli geomaqnit qasırğası gözlənilsə də, geomaqnit qasırğası 06 oktyabr axşam saatlarından başlamışdır və qeyd olunan maksimal səviyyə G2-dir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (7-13 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin də TKA-nın və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.
Geomaqnit sahəsi – Gün ərzində geomaqnit qasırğasının G1 səviyyəsində davam edəcəyi gözlənilir. 9 oktyabradək isə TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.