Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb
14.10.2024 15:34
  • A-
  • A
  • A+

Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb

Cəfər Cabbarlı Mükafat Komissiyasının növbəti iclası keçirilib.

İclasda komissiyanın sədri, C.Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı bu mükafatın 1935-ci ildə təsis olunduğunu qeyd edib. Onun sözlərinə görə, ictimai-siyasi həyatda baş verən böyük təbəddülatlardan və fasilədən sonra Cəfər Cabbarlı Mükafatı ədibin 100 illiyi münasibətilə 2001-ci ildə Gülarə Cabbarlının rəhbərliyi ilə bərpa edilib, son 23 ildə komissiyanın 10 iclası keçirilib, 80-dən çox elm, ədəbiyyat, mədəniyyət, incəsənət və mətbuat xadimi mükafata layiq görülüb.

Bu il AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, Əməkdar incəsənət xadimi sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov, tədqiqatçı, tərcüməçi, ədəbiyyatşünas Mirzə Maşov, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, yazıçı-publisist Kənan Hacı, şair, publisist Ağasəfa Yəhyayev, Əməkdar artist Şövqi Hüseynov, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva, rejissor İman Məcidov Cəfər Cabbarlı Mükafatına layiq görülüblər.

Gəncə Dövlət Universitetinin baş müəllimi Könül Məmmədova xüsusi diploma layiq görülüb.

Mükafatların təqdimat mərasimi oktyabrın 17-də keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: