Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyənin Dokuz Eylül Universiteti (DEU) arasında bağlanmış müqavilə əsasında 6 fundamental elm sahəsini (riyaziyyat, statistika, fizika, kompüter elmləri, biologiya, kimya) əhatə edən III ikitərəfli beynəlxalq onlayn elmi seminar öz işinə başlayıb.
Qeyd edək ki, 1-ci belə seminar 2021-ci, 2-cisi isə 2022-ci illərdə baş tutub. Beynəlxalq seminarın fəxri sədrləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və DEU-nun rektoru professor Bayram Yılmaz, sədrləri isə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı professor Aylin Alındır.
“Zoom” platforması üzərindən gerçəkləşdirilən elmi tədbirin açılış mərasimində ilk olaraq professor Aylin Alın çıxış edib. Dekan əvvəlki illərdəki seminarların nəticələrini xatırladıb, hazırkı seminarın da böyük uğur qazanacağına inandığını bildirib.
Professor Aylin Alın elmi seminarın Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, prioritet elmi problemlərin müzakirəsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, DEU-nun rektoru professor Bayram Yılmazın tədbir iştirakçılarına xoş sözlərini çatdırıb.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA ilə 9 Eylül Universiteti arasında bağlanmış müqavilə və bu müqavilə çərçivəsində yaradılmış əməkdaşlıq əlaqələrinin tarixinə ekskurs edib. AMEA-nın prezidenti qardaşlaşmış şəhərlər olan Bakı və İzmirin elmi tədqiqat və təhsil müəssisələri arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün çox iş görmək lazım gəldiyini vurğulayıb.
Seminarın işinə uğurlar arzulayan akademik İsa Həbibbəyli DEU-nun rektoru professor Bayram Yılmazı Bakıya, Milli Elmlər Akademiyasına dəvət edib.
Akademik İradə Hüseynova çıxışına DEU-nun rəhbərlərini, konfransın təşkilatçılarını və seminar iştirakçılarını salamlamaqla başlayıb. Vitse-prezident bugünkü seminarın Azərbaycan üçün çox əlamətdar bir dövrə təsadüf etdiyini bildirib. Keçən ay Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) böyük uğurla ev sahibliyi edib. COP29-un proqramında bir gün bütünlüklə Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma məsələlərinə həsr edilib və tədbirlərin əsas xəttini məhz seminarın əhatə etdiyi elmlər və onların ətraf mühitlə bağlı tədqiqatlardan alınan nəticələri təşkil edib. Akademik İradə Hüseynova qeyd edib ki, bu gün rəqəmsallaşdırılma, süni intellekt dünya elminin əsas prioritetlərindəndir. Biologiyanın ümumən “yaşıl dünya” ilə, biomüxtəliflik, bioloji və ərzaq təhlükəsizliyi ilə, kimya elminin ekoloji və “yaşıl” kimya ilə, biologiya, kimya və xüsusən fizika elminin “yaşıl” enerji ilə bağlı nailiyyətləri və perspektivləri COP zamanı ən çox müzakirə edilən mövzulardan olub.
Akademik İradə Hüseynova bildirib ki, hazırkı beynəlxalq seminarın əsas məqsədi müvafiq elm sahələri üzrə tədqiqatların inkişafına töhfələr vermək, onlardan alınmış mühüm nəticələri bölüşmək və fikir mübadiləsi aparmaq, eyni zamanda gələcək elmi, elmi-texniki əməkdaşlığa təkan verməkdir.
Sonra seminar öz işinə 6 elm sahəsi üzrə paralel seksiyalarda davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.