Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyənin Dokuz Eylül Universitetinin (DEU) fundamental elmlər üzrə üçüncü beynəlxalq ikitərəfli onlayn seminarı 6 elm sahəsi üzrə paralel seksiyada böyük uğurla həyata keçirilib.
Azərbaycan tərəfindən edilmiş məruzələrin siyahısına bu linkdən baxa bilərsiniz (Məruzələrin siyahısı).
Seminarın təşkilində və keçirilməsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və AMEA Kimya Elmləri Bölməsi fəal rol oynamışlar.
Seminarın sonunda "Zoom" proqramı üzərindən keçirilən bağlanış mərasimində çıxış edən konfransın sədrləri – AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və DEU-nun Fənn fakültəsinin dekanı professor Aylin Alın seminarın elmi əməkdaşlıq əlaqələrinin qurulmasına və elm qarşısında duran aktual problemlərin həllinə istiqamətlənmiş birgə tədqiqatların aparılmasına ciddi təkan verəcəyinə inamlarını bildiriblər.
Professor Aylin Alın öz çıxışında səmərəli fikir mübadiləsi şəraitində keçən seminarın həm Azərbaycanın, həm də Türkiyənin elmi-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.
Akademik İradə Hüseynova seminarın məruzəçi və iştirakçılarına təşəkkür edib. O qeyd edib ki, beynəlxalq seminarda 6 seksiya üzrə 28 elmi məruzə dinlənilib.
AMEA-nın vitse-prezidenti Azərbaycanın və Türkiyənin elm və təhsil müəssisələrinin, alim və mütəxəssislərinin ortaq tədbirlər vasitəsilə daha tez-tez bir araya gəlməsinin, onlar arasında elmi əlaqələrin daha intensiv xarakter alması ilə bağlı fəaliyyətlərin gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Beynəlxalq seminar öz işini uğurla başa vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.