Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq.
Heydər ƏLİYEV, Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycanda müstəqil elmi-təşkilati qurumun yaradılması işinə XX əsrin əvvəllərində, daha dəqiq desək, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili ilə başlanmışdır. Bu təşkilatın fəaliyyəti ölkədə elmi-tədqiqat işlərini istiqamətləndirmək, ekspedisiyaları təşkil etmək, müzakirələr keçirmək baxımından ilk böyük addımlar olsa da, sistemli və fundamental tədqiqatların aparılmasına və tətbiqinə geniş imkan verə bilməmişdir. Bunun ardınca 1929-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində yaradılmış Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu Tədqiq və Tətəbbö Cəmiyyətinin funksiyalarından bir qədər irəli getmiş, lakin institutun əsas istiqaməti siyasi və iqtisadi vəzifələrin, tədris-metodiki işlərin həllinə yönəldildiyi üçün ölkə üzrə elm sahəsində xüsusi bir canlanma yaratmaq mümkün olmamışdır. Bununla belə, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti, habelə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu respublikada elmi fəaliyyətlə məşğul olan yaradıcı qüvvələri bir yerdə cəmləşdirmək, onların elmi fəaliyyətlərini müəyyən olunmuş istiqamətlər üzrə əlaqələndirmək baxımından bir çox faydalı addımlar atmaqla gələcək Akademiya üçün müəyyən zəmin hazırlamışdır. Bu mənada 29 dekabr 1932-ci ildə yaradılmış SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi respublikada o vaxta qədər mövcud olmuş elmi bazanın əsasında təşkil olunduğu üçün səmərəli şəkildə fəaliyyətə başlamışdır. İttifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində yaradılmış sektorlar konkret olaraq ayrı-ayrı ixtisaslar üzrə elmi araşdırmaların aparılması işlərini təşkil etmiş, buna görə də az sonra Akademiyanın tərkibində müstəqil elmi-tədqiqat institutlarına çevrilə bilmişdilər. SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində rəhbərlik etmiş tanınmış alimlər Frans Yulyeviç Levinson - Lessinq (1861-1939), Ruhulla Axundov (1897-1938), Əhəd Yaqubov (1908-1979), Cəfər Kazımov (1897-1968), Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938), Heydər Hüseynov (1908-1950), Aleksey Alekseyeviç Klimov (1894 -?), Vəli Xuluflu (1894-1939), Yakov Dmitriyeviç Kozin (1896-1973) və başqaları ilk növbədə konkret elm sahələri üzrə sektorların yaradılması vəzifələrini həyata keçirmiş, ölkə miqyasında elmi fəaliyyətə maraq göstərən yaradıcı qüvvələri işə cəlb etmişdilər. Lakin mövcud strukturun çoxmərtəbəli tabelik prinsipləri əsasında fəaliyyət göstərməsi idarəetmədə müəyyən çətinliklər yaratdığından az sonra mərkəzi təşkilatla birbaşa əlaqəli işləyən yeni qurumun yaradılması zərurətini meydana çıxarmışdır.
Beləliklə, 25 oktyabr 1935-ci ildə akademik Frans Yulyeviç Levinson - Lessinqin (1861-1939) rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin bazasında birbaşa mərkəzi elmi qurumla çalışan Azərbaycan Filialı yaradılmışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi ilə Azərbaycanın artıq Akademiyada şöbə qismində deyil, filial statusunda fəaliyyət göstərməsinə meydan açılmışdır. Azərbaycan Filialı respublikada elmi qüvvələrin təşkilatlanması üçün xeyli dərəcədə irəli getmişdir. Qısa müddət ərzində Azərbaycan Filialında Kimya, Geologiya, Tarix, Etnoqrafiya və Arxeologiya, Botanika, Zoologiya, Energetika, Fizika və Torpaqşünaslıq sektorları təşkil olunmuşdur. Statusun artması Azərbaycan Filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, az sonra Dilçilik, Ədəbiyyat institutları, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir. Xüsusən kimya, geologiya, coğrafiya, botanika, energetika istiqamətləri üzrə əldə edilmiş mühüm elmi nəticələr, meydana çıxmış böyük təşəbbüslər SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına böyük nüfuz qazandırmışdır. Bundan başqa, eyni zamanda humanitar və ictimai elmlər sahəsində çalışan yaradıcı qüvvələrin böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə hazırlıq sahəsində gördükləri genişmiqyaslı tədqiqat, tərcümə və çap işləri keçmiş Sovetlər İttifaqı miqyasında diqqəti cəlb edən mühüm hadisəyə çevrilmişdir. Bu dövrdə tarix, arxeologiya, dilçilik, etnoqrafiya üzrə də sistemli elmi-tədqiqatların möhkəm bünövrəsi yaradılmışdır. Azərbaycan Respublikasının ilk dəfə olaraq geoloji xəritəsinin hazırlanması, vulkanologiya tədqiqatlarına başlanılması, mezozoy dövrünün öyrənilməsi üzrə birinci addımların atılması, müalicəvi əhəmiyyətə malik olan Naftalan neftinin aşkara çıxarılması, Mingəçevir su-elektrik stansiyasının, Samur-Dəvəçi kanalının yaradılması planlarının meydana çıxması, Azərbaycan florasına həsr edilmiş 3 cildlik materiallar toplusunun, coğrafiya atlasının nəşr edilməsi SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının həyata keçirdiyi mühüm elmi layihələr sırasında xüsusi yer tuturdu.
Böyük Vətən müharibəsi dövründə elmin, ziyalıların böyük rolunu və əhəmiyyətini dərindən hiss edən Sovet rəhbərliyi SSRİ Elmlər Akademiyasının imkanlarının və səlahiyyətlərinin daha da genişləndirilməsi zərurətini nəzərə almalı olmuşdu. Hələ müharibə bitməmiş SSRİ-yə daxil olan müttəfiq respublikalarda İttifaq Akademiyasının filiallarının bazasında mərkəzləşdirilmiş qaydada idarə olunan müstəqil akademiyaların yaradılması işinin davam etdirilməsinə diqqət yetirilmişdir. Bu, 1937-ci illər repressiyasından sonra dövlət səviyyəsində ziyalılara yeni dönüş idi. Beləliklə, 1941-ci ildə Gürcüstanda, 1943-cü ildə Ermənistanda, 1944-cü ildə Özbəkistanda SSRİ Elmlər Akademiyasının həmin respublikalardakı filialları əsasında Elmlər akademiyaları yaradılmasının ardınca Azərbaycanda da filialdan müstəqil elmi qurumun təşkil edilməsinə keçmək qərara alınmışdır. Bu məqsədlə Sovet dövlətinin rəhbərlərinin tapşırığı ilə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ. Komarov 1944-cü ilin oktyabr ayında Bakıya gələrək Azərbaycan filialının fəaliyyəti ilə şəxsən tanış olmuş, mövcud imkanları öyrənmişdir. Bütün bunlardan sonra o, 24 oktyabr 1944-cü ildə SSRİ Xalq Komissarları Sovetinin sədr müavini Vyaçeslav Mixayloviç Molotova Azərbaycanda Elmlər Akademiyasının yaradılmasının mümkünlüyü barədə təqdimat yazmışdır. SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ. Komarovun təqdimatında deyilirdi: "Bakıda olduğum müddətdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının və onun elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış oldum. Qeyd etməliyəm ki, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı inkişaf etmiş, möhkəmlənmiş, özündə onlarca görkəmli alimləri birləşdirən və Azərbaycan SSR-dəki sahə elmi-tədqiqat institutlarının işini koordinasiya edən həqiqi elmi mərkəzə çevrilmişdir.
Bütün bunlar Azərbaycan xalqının qarşıdan gələn Azərbaycan SSR-də sovet hakimiyyətinin qurulmasının 25 illiyinə töhfə olaraq Azərbaycan SSR Elmlər Akademiyasını yaratmasına haqqı çatdığı barədə fikir söyləməyə əsas verir.
Ona görə də Sizin icazənizlə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının və respublikadakı digər elmi-tədqiqat institutlarının bazasında Azərbaycan SSR Elmlər Akademiyasının təşkil edilməsi haqqında təklifi baxılmaq üçün SSRİ Xalq Komissarları Sovetinə təqdim etdim.
SSRİ Elmlər Akademiyasının
prezidenti, Elmlər Akademiyasında Bazalar və Filiallar Şurasının sədri, akademik V.İ. Komarov”.
Bu uğurlu təqdimatdan az sonra, yəni 23 yanvar 1945-ci ildə SSRİ Xalq Komissarları Soveti Azərbaycanda Elmlər Akademiyasının yaradılması haqqında 131 saylı qərar qəbul etmişdir.
SSRİ hökumətinin qərarının icrası ilə əlaqədar Azərbaycanın rəsmi dövlət qurumlarında və Azərbaycan filialında zəruri hazırlıq işlərinə başlanılmışdır. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin tapşırığı əsasında respublikanın ali məktəblərindən və elmi-tədqiqat institutlarından Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərini və həqiqi üzvlərini seçmək üçün təkliflər alınmışdır. Bu məqsədlə 1945-ci ilin fevral-mart aylarında respublikada çalışan 41 nəfər tanınmış alimin namizədliyi haqqında təkliflər hazırlanmışdır. Biz hələlik həmin 41 nəfərdən 33 nəfərinin adlarını müəyyən edə bilmişik. Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri və ilk akademikləri olmağa namizəd göstərilənlər aşağıdakı şəxslər idilər.
1. Abramoviç Mixail Vladimiroviç - Əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor
2. Əzizbəyov Şamil Əbdülrəhim oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
3. Əmirxanov Həbibulla İbrahim oğlu - fizika-riyaziyyat elmləri doktoru, professor
4. Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru
5. Balakişiyev Abdul Hüseyn oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
6. Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu - SSRİ Xalq artisti, professor
7. Qrossheym Aleksandr Alfonsoviç - SSRİ Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor
8. Hüseynov Heydər Nəcəf oğlu - fəlsəfə elmləri doktoru, professor
9. Dadaşov Sadıq Ələkbər oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor
10. Yeqorov Konstantin Aleksandroviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
11. Yeşman İosif Qavriloviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
12. Qarayev Abdulla İsmayıl oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
13. Qaşqay Mirəli Seyidəli oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
14. Makovelski Aleksandr Osipoviç - Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor
15. Məmmədəliyev Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor
16. Məmmədov Şamxal Əliməmməd oğlu - kimya elmləri doktoru, professor
17. Məlikov Malik Məmmədhüseyn oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
18. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
19. Vəkilov Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair
20. Topçubaşov Mustafa Ağabəy oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
21. Useynov Mikayıl Ələsgər oğlu - Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, tibb elmləri doktoru, professor
22. Şirəliyev Məmmədağa Şirəli oğlu - filologiya elmləri doktoru, professor
23. Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
24. Yaqubov Əhəd Ələkbər oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor
25. Qutırya Viktor Serafimoviç - kimya elmləri doktoru, professor
26. Rusanova Valentina Nikolayevna - biologiya elmləri doktoru, professor
27. Derjavin Aleksandr Nikolayeviç - biologiya elmləri doktoru, professor
28. Solovkin Andrey Nikolayeviç - geologiya-mineralogiya elmləri doktoru
29. Sultanov Əzəl Cavad oğlu - geologiya-mineralogiya elmləri doktoru
30. Yaqubov Mirxaliq Mirqasım oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru
31. Klimov Aleksey Alekseyeviç - etnoqraf, professor
32. Məmmədov Zülfüqar Mehdi oğlu - tibb elmləri doktoru, professor
33. Əliyev Şıxbala Əbülfəz oğlu - kimya elmləri doktoru, professor.
Adları qeyd edilən alimlərdən sıra ilə ilk 24 nəfəri müzakirə üçün hazırlanmış siyahıda öz əksini tapmışdır. Qalan 9 nəfərin isə Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilməsi haqqında ayrı-ayrı elmi-tədqiqat institutları və ali məktəblər tərəfindən verilmiş təqdimatlar arxiv materialları içərisindən əldə edilmişdir. Hələlik adlarını müəyyən edə bilmədiyimiz daha 8 nəfər haqqında məlumatları tapıb üzə çıxarmaq, ehtimal olunan siyahını tamamlamaq elm xəzinəmizi araşdıranların qarşısında duran vəzifədir.
Qeyd etmək lazımdır ki, müəyyən olunmuş namizədlər müvafiq dairələrdə müzakirə edildikdən sonra onlardan 24 nəfəri daha yüksək səviyyədə baxılmaq üçün tövsiyə edilmişdir. Həmin 24 nəfər yuxarıda təqdim etdiyimiz Abramoviç Mixail Vladimiroviçdən başlanan siyahıda sıra üzrə Əhəd Yaqubovun da daxil olduğu şəxslərdən ibarət olmuşdur. Təqdim edilən adlı siyahı rəsmi dairələrdə təhlil edilib müzakirələrdən keçdikdən sonra artıq Azərbaycan SSR Elmlər Akademiyasının ilk həqiqi üzvlərinin və təsisçilərinin müəyyən edilməsi üçün konkret elm sahələri üzrə namizədlərin siyahısının tərtib edilməsi tövsiyə olunmuşdur. Bu dəfə 24 nəfərin sırasından 4 bölmə üzrə 14 nəfərin siyahısı və onlar haqqında məlumatlar hazırlanaraq aidiyyəti dövlət orqanlarına göndərilmişdir. Bu sənəd həm də yaradılmaq ərəfəsində olan Azərbaycan SSR Elmlər Akademiyasında hansı elmi bölmələrin təşkil edilməsinin nəzərdə tutulmasını müəyyən etmək baxımından da əhəmiyyətlidir. Bu, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə ən şanslı olan alimlərin və ziyalıların təqdimatıdır. Həmin siyahı aşağıdakı kimi idi:
"Azərbaycan SSR-in ali təhsil, elmi-tədqiqat müəssisələri və ictimai təşkilatları tərəfindən təqdim olunanlardan Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə nəzərdə tutulanların siyahısı
I. Geologiya-Coğrafiya Elmləri və Neft Bölməsi
Neft geologiyası üzrə
1. Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu
2. Yaqubov Əhəd Ələkbər oğlu
Mədən geologiyası üzrə
1. Əzizbəyov Şamil Əbdülrəhim oğlu
2. Qaşqay Mirəli Seyidəli oğlu
Neft kimyası üzrə
1. Məmmədəliyev Yusif Heydər oğlu
II. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi
Fizika üzrə
1. Əmirxanov Həbibulla İbrahim oğlu
Texnika üzrə
1. Yeşman İosif Qavriloviç
III. Biologiya və Kənd təsərrüfatı Elmləri Bölməsi
Biologiya üzrə
1. Qrossheym Aleksandr Alfonsoviç
Tibb üzrə
1. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu
2. Topçubaşov Mustafa Ağabəy oğlu
IV. İctimai Elmlər Bölməsi
Ədəbiyyat və incəsənət üzrə
1. Vəkilov Səməd Vurğun Yusif oğlu
2. Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu
Fəlsəfə və filologiya üzrə
1. Hüseynov Heydər Nəcəf oğlu
2. Makovelski Aleksandr Osipoviç”.
Araşdırmalar göstərir ki, təsisçilərin müəyyən edilməsinə təxminən cəmisi bir neçə gün qalmış hazırlanan bu siyahı da son qəti qərarı ifadə edə bilməmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında Xalq Komissarları Sovetinin qərarı imzalanmaq üçün təqdim edilərkən ən yuxarı səviyyədə məsələyə yenidən baxılmış və müəyyən dəyişikliklər edilmişdir. Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibinə son məqamda edilmiş ixtisarlar və əlavələr aşağıdakılardan ibarət olmuşdur:
İXTİSARLAR:
Adları həm ilk 41 nəfərin və 24 nəfərin siyahısında, həm də 14 nəfərlik yekun siyahıda olan, bütün müzakirələrdən keçmiş Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının direktoru, professor Əhəd Yaqubovun, Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Həbibulla Əmirxanovun və Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Aleksandr Makovelskinin adları yekun siyahıdan çıxarılmışdır.
ƏLAVƏLƏR:
Qalan 11 nəfərlik heyət Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində ayrı-ayrı elmi bölmələri təşkil etmək baxımından yetərli olmadığından "Siyahı”ya daha 4 nəfərin adı əlavə olunmuşdur. Əlavə olunanlardan 3 nəfər şanslı elm xadimi adı əvvəlcə tərtib edilmiş siyahılarda olan, lakin hansı səbəbdənsə axırıncı 14 nəfərlik yekun siyahıya daxil edilməmiş aşağıdakı alimlər idilər:
1. Dadaşov Sadıq Ələkbər oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor
2. Useynov Mikayıl Ələsgər oğlu - Stalin Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor
3. Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor
Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə 27 mart 1945-ci ildə seçilmiş ən şanslı namizəd əvvəllər tərtib edilmiş heç bir siyahıda adı göstərilməmiş, bir gün qalmış, bəlkə də elə həmin gün son anda siyahıda yer alan tanınmış yazıçı, filologiya elmləri namizədi Mirzə Əjdər oğlu İbrahimov olmuşdur. Mirzə İbrahimov bu zaman "Giqantlar ölkəsində” kitabı (1935), Azərbaycan teatrlarında böyük uğurla tamaşaya qoyulan "Həyat” (1935), "Madrid” (1937), "Məhəbbət” (1941) pyesləri, bir çox hekayələri və məqalələri ilə tanınır, artıq ölkə miqyasında qəbul olunurdu. O, 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin demokratik görüşləri haqqında namizədlik dissertasiyası müdafiə etmişdi. Mirzə İbrahimovun 1939-cu ildə nəşr edilmiş "Böyük demokrat” kitabı elmi-ədəbi mühitdə böyük maraq doğurmuşdu. O vaxta qədər Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi, Xalq Maarif Komissarı vəzifələrində çalışmış Mirzə İbrahimov cəmiyyətdə aparıcı mövqeyə malik olan şəxsiyyətlərdən biri kimi də nüfuz qazanmışdı.
Beləliklə, 1945-ci ilin 23 yanvarından başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan çox davam etmiş və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri - birinci akademikləri müəyyən olunmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzaladığı və işlər idarəsinin müdiri A. Bokovetsin təsdiq etdiyi "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında”kı 27 mart 1945-ci il tarixli, 316 saylı qərarla ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilmiş, Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdur. Qərarda adları yuxarıda göstərilmiş görkəmli alimlər Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri və birinci akademikləri seçilmək üçün tövsiyə edilmişlər. Azərbaycan SSR Elmlər Akademiyasının ilk akademikləri həm Azərbaycanda, həm də Sovetlər İttifaqı miqyasında tanınan, qəbul olunan alimlərdən ibarət idi. Azərbaycanda akademik elmin qızıl fondunu təşkil edən həmin görkəmli alimlərin elm sahəsindəki xidmətləri ilə yanaşı, yüksək dövlət mükafatları, fəxri adları və ya məsul vəzifələrdə çalışmaları da nəzərə alınmışdı. Onlardan 6 nəfəri Stalin mükafatı laureatı, 1 nəfəri həm də SSRİ Xalq artisti, 6 nəfəri eyni zamanda Əməkdar elm xadimi, 4 nəfəri isə Əməkdar incəsənət xadimi idilər. Heç şübhəsiz, Azərbaycan rəhbərliyinin təqdim etdiyi namizədlər Kreml rəsmiləri və SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti ilə də razılaşdırılmışdı. Beləliklə, Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibi 15 nəfərlik aşağıdakı adlı-sanlı alimlərdən təşkil olunmuşdu. Rus dilində yazılan siyahı kiril əlifbasının sırası üzrə tərtib edilmişdi:
1. Əzizbəyov Şamil Əbdülrəhim oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
2. Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu - Stalin mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru
3. Vəkilov Səməd Vurğun Yusif oğlu - İki dəfə Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair
4. Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu - Stalin mükafatı laureatı, SSRİ Xalq artisti, Əməkdar incəsənət xadimi, professor
5. Qrossheym Aleksandr Alfonsoviç - SSRİ Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, professor
6. Hüseynov Heydər Nəcəf oğlu - fəlsəfə elmləri doktoru, professor
7. Dadaşov Sadıq Ələkbər oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor
8. Yesman İosif Qavriloviç - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor
9. İbrahimov Mirzə Əjdər oğlu - Əməkdar incəsənət xadimi, yazıçı
10. Qaşqay Mirəli Seyid Əli oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor
11. Məmmədəliyev Yusif Heydər oğlu - kimya elmləri doktoru, professor
12. Mirqasımov Mirəsədulla Mirələsgər oğlu - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
13. Topçubaşov Mustafa Ağabəy oğlu - Stalin mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor
14. Useynov Mikayıl Ələsgər oğlu - Stalin mükafatı laureatı, Əməkdar incəsənət xadimi, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, professor
15. Şirokoqorov İvan İvanoviç - SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
SSRİ Elmlər Akademiyasının prezidenti, akademik L.Komarov Azərbaycan rəhbərliyinə göndərdiyi xüsusi məktubda Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşovdan birinin yeni yaradılacaq Akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda həmçinin Heydər Hüseynovun Akademiyanın vitse-prezidentliyinə namizədliyi məqsədəuyğun sayılmışdı.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk tərkibi müəyyən edildikdən sonra 31 mart 1945-ci ildə keçirilmiş birinci Ümumi yığıncaqda Akademiyanın həqiqi üzvlüyünə seçkilər keçirilmiş və təşkilati məsələyə baxılmışdır. Yuxarıdakı siyahıda adları qeyd olunan 15 nəfər görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri rəsmi olaraq Elmlər Akademiyasının həqiqi üzvləri seçilmişlər. Bundan sonra Akademiyanın rəhbər heyətinin seçilməsi məsələsi həll edilmişdir. Ümumi yığıncaq Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, akademik Şamil Əzizbəyovun və akademik Heydər Hüseynovun vitse-prezident (prezident müavinləri), akademik Mirəli Qaşqayın akademik-katib vəzifələrinə seçilmələri barədə qərar qəbul etmişdir. Ümumi yığıncaqda həmçinin aşağıdakı tərkibdə 5 nəfərdən ibarət olan Rəyasət Heyətinin ilk üzvləri formalaşdırılmışdır: Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay və Yusif Məmmədəliyev.
Azərbaycan akademikləri ümumi yığıncaqda SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.İ.Komarovu və SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, akademik İ.İ.Meşşaninovu Azərbaycan SSR Elmlər Akademiyasının fəxri üzvü seçmişlər.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk Ümumi yığıncağında SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, akademik İvan İvanoviç Meşşaninov təbrik nitqi ilə çıxış etmişdir.
Beləliklə, 31 mart 1945-ci il tarixdə Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Elmlər Akademiyasının ilk təsisçiləri olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri Azərbaycan elminin və ictimai-ədəbi fikrinin inkişafında böyük xidmətlər göstərmişlər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə namizədliyi göstərilən, lakin ilk akademiklərin sırasında yer ala bilməyənlərin böyük əksəriyyəti sonrakı illərdə Akademiyanın həqiqi və müxbir üzvləri seçilmiş, XX əsr ərzində uzun müddət elm, təhsil və səhiyyə sahələrində rəhbər vəzifələrdə çalışmış, dövlət qulluğunda təmsil olunmuşlar.
Azərbaycan Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynamışdır. Elmlər Akademiyası ölkəmizdə ziyalı qüvvələrinin formalaşdırılması, qorunub saxlanılması və möhkəmləndirilməsi işinə sanballı töhfələr vermişdir. Elmlər Akademiyası həmişə azərbaycançılıq məfkurəsinin əsas mərkəzlərindən biri olmaq funksiyasını məsuliyyətlə həyata keçirmişdir. Azərbaycan cəmiyyətində müasirləşmə və yeniləşmə istiqamətində həyata keçirilən proqramların icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci tarixi mərhələdə Ulu Öndərin böyük qayğısı ilə yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq 1970-ci ildə "Xalqlar dostluğu” ordeni ilə təltif olunmuşdur.
Fəaliyyət göstərdiyi 75 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına görkəmli elm xadimləri Mirəsədulla Mirqasımov (1945-1947), Yusif Məmmədəliyev (1947-1950 və 1957-1961), Musa Əliyev (1950-1957), Rüstəm İsmayılov (1957-1970), Zahid Xəlilov (1962-1967), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1984-1996), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019) rəhbərlik etmişlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası 24 oktyabr 2019-cu il tarixdən akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə inkişaf yolunu davam etdirməkdədir. İndiki mərhələdə AMEA-da müstəqil dövlətçiliyin, azərbaycançılıq ideallarının daha da möhkəmləndirilməsinə, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin, habelə beynəlxalq əlaqələrin genişləndirilməsinə, mövcud strukturun təkmilləşdirilməsi və optimallaşdırılmasına səmərəli xidmət etməsinin təmin olunması üçün zəruri islahatlar həyata keçirilməkdədir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki tarixi mərhələdə Milli Elmlər Akademiyasının inkişafına daim böyük diqqət və qayğı göstərmişdir. Milli Elmlər Akademiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatların işığında yeni cəmiyyət quruculuğu istiqamətində və ölkəmizdə müstəqil dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi yollarında şərəflə və məsuliyyətlə addımlamaqda davam edir.
İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik
"Azərbaycan" qəzeti, 10 aprel 2020-ci il