AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi altında Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası Balakən rayonu ərazisində tədqiqat işlərini davam etdirib.
Tədqiqatın əsas obyekti rayonun Tülü kəndi ərazisində Qafqaz Albaniyasına məxsus ilk orta əsrlərə aid xristian abidəsi olub. Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən kilsənin uzunluğu 14,70 m, eni 10,50 m-dir. Builki tədqiqatlarda kilsənin giriş qapılarından birinin cənub divarında olduğu müəyyən edilib.
Kilsənin qədim qalıqlarının üzərində sonrakı tarixi dövrlərdə birzallı kilsə inşa edilib ki, onun uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni isə 5,70-12,30 m arasında dəyişir. Birzallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hələlik bəlli olmayan səbəbdən hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşib.
Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üçzallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir.
Son üç ildə birzallı və üçzallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı, xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri institutun Antropologiya Mərkəzinə tədqiqat üçün təqdim edilib.
Xristian dəfn ənənəsində mərhumun əllərinin qoyuluş formasında fərqlər, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn prosesinin kilsə ətrafında intensivliyi - buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur.
Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən abidədə bərpa və konservasiya işlərinin görülməsi vacibdir.
Ekspedisiya rəhbəri N.Alışov bildirib ki, müzəffər Ordumuzun qələbələri azad edilmiş torpaqlarımızda Qafqaz Albaniyasının analoji abidələrinin tədqiqatı üçün də imkanlar yaradacaq.
Abidədə aparılan kompleks arxeoloji tədqiqatın yekunlaşması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Abidədə arxeoloji tədqiqatlara 2017-ci ildən başlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.