www.science.az
03.10.2018 11:20

Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans işini Qəbələdə davam etdirir

Azərbaycandakı erkən hominid azıxantropun tapılmasının 50 illiyinə həsr olunan “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans öz işini Qəbələ şəhərində davam etdirib.

Tədbir iştirakçıları əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin foyesində Azərbaycanın və bölgənin tarixinin müxtəlif dövrlərinə aid nadir maddi mədəniyyət nümunələri ilə tanış olublar. Daha sonra beynəlxalq konfransın təşkilatçılarından biri olan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının nümayəndəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Nəcəfova Qəbələ Arxeoloji Mərkəzinin yaranması və fəaliyyəti barədə məlumat verib.

Sonra Qəbələdə aparılan arxeoloji tədqiqatlarla bağlı sənədli film nümayiş olunub.

Proqram çərçivəsində paleolit dövrü arxeologiyası üzrə Azərbaycan alimləri ilə yanaşı, İngiltərə, Rusiya, Gürcüstan və Ukraynadan olan mütəxəssislər 1968-ci ildə Azərbaycanın Azıx mağarasındakı paleolit dövrü məskəninin tədqiqatları zamanı görkəmli arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıxantropun kəşf edilməsinin tarixi və dünya elmi üçün mühüm əhəmiyyəti, Avrasiyanın paleolit dövrü abidələrində aparılmış tədqiqatlara həsr olunmuş mövzular üzrə elmi məruzələrlə çıxış ediblər.

Konfransın işində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova iştirak ediblər.

Konfrans oktyabrın 5-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.