AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş Xüsusi iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təqdimetmə mərasimi keçirilib.
Tədbirdə qeyd olunub ki, bu il 880 illik yubileyini qeyd etdiyimiz dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Ölkə Prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən sözügedən medalla təltif etmək səlahiyyəti AMEA-nın Rəyasət Heyətinə verilib.
Nəzərə çatdırılıb ki, AMEA Rəyasət Heyətinin üzvləri Nizami Gəncəvinin tədqiqi və təbliği sahəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Akademiyanın əldə etdiyi mühüm nəticələri nəzərə alaraq, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın akademik Ramiz Mehdiyevə və ABŞ-da yaşayan və fəaliyyət göstərən türk əsilli alim, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli Əziz Səncərə verilməsi barədə müvafiq dövlət qurumları qarşısında təşəbbüslə çıxış ediblər. Təşəbbüs ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə dəstəklənib.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında və “Nizami Gəncəvi İli” ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər.
İclasda AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nı akademik Ramiz Mehdiyevə təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.