Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.03.2022 15:03
  • A-
  • A
  • A+

Könüllülər Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

Könüllülər Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar

“Aqrar inkişaf könüllüləri” Təşkilatı İctimai Birliyinin könüllüləri AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan könüllülər böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin mənalı həyatı, zəngin yaradıcılıq yolu, faciəli taleyi, dram əsərlərinin səhnə təqdimatı və s. haqqında ətraflı məlumat əldə ediblər.

Muzey əməkdaşları qonaqlara ədibin nəşinin uzaq Sibirdən vətənə gətirilməsi, Naxçıvanda dəfni, qəbri üzərində məqbərənin ucaldılması, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ev muzeyinin yaradılması işlərində ulu öndər Heydər Əliyevin xidmətləri barədə geniş məlumat veriblər. Onlar könüllüləri maraqlandıran sualları cavablandırıb, Hüseyn Cavid və bütövlükdə Cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeyin həyata keçirdiyi layihələr haqqında danışıblar.   

Daha sonra gənc könüllülər dahi şairin əsərlərindən parçalar səsləndiriblər. Həmçinin AMEA Hüseyn Cavidin Ev Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə “Gənc cavidşünas” viktorinasında iştirak ediblər. Sonda fərqlənənlərə muzeyin nəşrləri hədiyyə olunub.

Qeyd edək ki, könüllülərin AMEA Hüseyn Cavidin Ev Muzeyinə ekskursiyası dahi şairin 140 illiyi ərəfəsində, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə gənclərin davamlı və hərtərəfli inkişafı, onlarda kitaba marağın artırılması məqsədi ilə həyata keçirilən “Oxu, paylaş” layihəsi çərçivəsində baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: