Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib
10.03.2024 16:24
  • A-
  • A
  • A+

Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib

Tanınmış iqtisadçı alim, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor İsa Hüseyn oğlu Alıyev martın 9-da dünyasını dəyişib.

İsa Alıyev 1953-cü il oktyabrın 8-də Dərələyəz rayonunun Qalaser kəndində anadan olub. Orta məktəbi 1970-ci ildə bitirib, 1970-75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” ixtisasına qəbul olub və oranı bitirib. 1975-ci ildə əyani aspiranturaya qəbul olub, 1976-77-ci illərdə ordu sıralarında hərbi xidmətdə qulluq edib.

1982-ci ildə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda “Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi” adlı siyasi iqtisad ixtisası üzrə namizədlik, 2005-ci ildə “Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi” adlı doktorluq dissertasiyasını müdafiə edib. “İqtisadiyyat nəzəriyyəsi” ixtisası üzrə professor elmi adını alıb.

İ.Alıyev 2008-2014-cü illərdə İqtisadiyyat İnstitutunun direktoru işləyib. O aqrar sahə üzrə ölkənin tanınmış iqtisadçı alimlərindən idi. Uzun illər İqtisadiyyat İnstitutunun aqrar elminin inkişafı problemləri ilə məşğul olan şöbəsinə rəhbərlik etmişdir. 40-dan çox beynəlxalq və 100-dən çox respublika miqyaslı elmi tədbirlərin iştirakçısı olmuşdur. Ümumilikdə 300-dən çox elmi işin, o cümlədən aqrar elmi ilə bağlı monoqrafiyaların, kitabların müəllifi idi. 40-dan artıq müdafiə olunmuş fəlsəfə doktoru və elmlər doktoru dissertasiyasına rəhbərlik etmişdir.

İ.Aliyev 2011-ci ildə Avropa Biznes Assambleyasının (EBA) Ekspertlər Şurası tərəfindən “İlin ən yaxşı top-meneceri”, 2012-ci ildə “Elmdə ad” fəxri adına, 2013-cü ildə isə Beynəlxalq Sokrat Mükafatına layiq görülüb. Alim Avrasiya Beynəlxalq İqtisadçılar İttifaqının yaradıcılarından biri, Avropa Təbiət Elmləri Akademiyasının üzvü idi. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Tanınmış alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: