Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2024 15:15
  • A-
  • A
  • A+

“Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Mayın 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda türkmən ədəbiyyatının görkəmli klassik şairi və filosofu Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə “Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransdan öncə Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov, Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktor müavini fil.e.d. Həzrətqulu Durdıyev, şöbə müdiri, fil.ü.f.d. Çarı Kulıyev və böyük elmi işçi Dövlətgəldi Seyidov AMEA-nın Əsas binası ilə tanış olublar.

Sonra Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılışı olub.

Mərkəzdə Azərbaycanın və Türkmənistanın bayraqları, iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri, eləcə də Məhtimqulu Fəraqi və digər türkmən mütəfəkkirlərinin kitablarının nümayiş olunduğu sərgi qurulub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkmənistan Elmlər Akademiyasının prezidenti və qardaş ölkənin Azərbaycandakı səfirinin iştirakı ilə belə bir mərkəzin açılmasını tarixi hadisə kimi dəyərləndirib, mərkəzin dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. O, mərkəzdə Türkmənistan ədəbiyyatının araşdırılması yönündə mühüm işlərin aparılacağını bildirib.

Daha sonra konfrans iştirakçıları Məhtimqulu Fəraqiyə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Beynəlxalq tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan və Türkmənistanın dərin köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin ənənələrə mənsub dövlətlər olduğunu bildirib.

“Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkmənistan əlaqələrinin böyük təməllərini yaratmışdır”, - deyən AMEA rəhbəri ölkə Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi təsvir etdiyini bildirib.  O, Azərbaycanda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılmasını və böyük türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd olunmasını Azərbaycan və Türkmənistan Elmlər akademiyalarının Türk dünyasına ortaq xidməti kimi səciyyələndirib.

İki elmi qurum arasındakı əlaqələrdən bəhs edən AMEA rəhbəri qarşılıqlı əməkdaşlığın son illərdə daha da inkişaf etdiyini diqqətə çatdırıb, bugünkü konfransın bu əlaqələrin möhkəmlənməsinə zəmin yaradacağını vurğulayıb.

Akademik İsa Həbibbəyli bildirib ki, qüdrətli şair Məhtimqulu Fəraqi türkmən ədəbiyyatının zirvəsini təşkil edir. O, sadə xalq dilində və xalq ədəbiyyatı ənənələri əsasında yazdığı şeirləri ilə türkmən xalqının düşüncəsində hakim olmuşdur. Türkmən xalqının XVIII əsrdəki birliyi, həmrəyliyi, dövlətçilik təfəkkürü ədibin əsərlərində geniş şəkildə əks olunmuşdur.

Məhtimqulu Fəraqinin qiymətli irsinin öyrənilməsinin, tədqiqi və nəşrinin ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında böyük əhəmiyyət daşıdığını söyləyən AMEA prezidenti Fəraqinin türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar olduğunu vurğulayıb.

O, Məhtimqulu poeziyasında şairin Azərbaycanla bağlılığının əyani şəkildə meydana çıxdığını, ədibin ölkəmizdə səfərdə olduğunu və şeirlərindən birini Nuxaya, indiki Şəki şəhərinə həsr etdiyini söyləyib. Qeyd edib ki, görkəmli mütəfəkkir Azərbaycan-Türkmənistan arasında körpü rolunu oynayıb.

Akademik İsa Həbibbəyli Məhtimqulu Fəraqinin əsərlərinin Azərbaycanda dəfələrlə nəşr olunduğunu, ölkəmizdə onun yaradıcılığına həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini bildirib. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ının ilk dəfə doğma dilimizdə çap olunduğunu diqqətə çatdırıb.

AMEA rəhbəri çıxışının sonunda Türkmənistan Elmlər Akademiyası prezidentinin iştirakı ilə keçirilən bugünkü tədbiri birliyimizin, elmi əməkdaşlığımızın nümunəsi kimi dəyərləndirib, Məhtimqulu Fəraqinin 300 illiyinə həsr edilən beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Sonra Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov çıxış edərək xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb, tədbirin iki ölkə arasındakı ədəbi əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. 

Azərbaycanda, xüsusilə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin yaradıcılığının nəşri və təbliği sahəsində görülən işləri yüksək qiymətləndirən professor Allaberdi Aşırov qardaş ölkədə şairin xatirəsinin sonsuz ehtiramla anıldığını bildirib.

Türkmənistan Elmlər Akademiyasının prezidenti vurğulayıb ki, Məhtimqulu Fəraqinin Azərbaycan ədəbiyyatı ilə bağlılığı həmişə diqqəti cəlb edib. Onun “Yaylaqları var” şeiri Azərbaycana həsr edilib. Şair öz şeirlərində dönə-dönə görkəmli Azərbaycan şairlərinin - N.Gəncəvinin, İ.Nəsiminin, M.Füzulinin adlarını çəkib. O, bu günlərdə Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın paytaxtı Aşqabadda ədibin nəhəng abidəsinin ucaldığını qeyd edib.

Tədbirdə Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov çıxış edərək Azərbaycanda Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə və tədbirin yüksək səviyyədə təşkilinə görə AMEA rəhbərliyinə təşəkkür edib. Səfir bugünkü konfransın qədim tarixə, zəngin ənənələrə malik türkmən və Azərbaycan xalqlarının mənəvi dəyərlərini nümayiş etdirdiyini bildirib.

Qurbanməmmet Elyasov qeyd edib ki, Məhtimqulu ölkələrimiz arasındakı həm siyasi, həm də sosial sahədəki dostluq və qardaşlığın simvoludur. O, Türk dünyasını, Azərbaycanı dərin məhəbbətlə sevmiş, bu ölkəni qarış-qarış dolaşmış, bu doğmalığı şeirlərində dilə gətirmişdir.

AMEA alimləri tərəfindən Məhtimqulu Fəraqinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu, onun kitablarının dəfələrlə qardaş ölkədə çap olunduğunu deyən səfir böyük türkmən şairinin yaradıcılığının, zəngin ədəbi irsinin daim Azərbaycan xalqının marağında olduğunu vurğulayıb.

Konfransda Türkmənistan EA-nın Məhtimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun direktor müavini filologiya elmləri doktoru Həzrətqulu Durdıyev “Məhtimqulu: insanlığın şairi”, həmin institutun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Çarı Kulıyev “Məhtimqulu yaradıcılığına eşq poeziyasının təsiri”, institutun böyük elmi işçisi Dövlətgəldi Seyidov “Məhtimqulu Fəraqi: dövlətli-dövranlı türkmən balası”, AMEA-nın Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, həmin institutun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbova “Azərbaycan-Türkmənistan ədəbi əlaqələri Ədəbiyyat İnstitutunun alimlərinin araşdırmalarında” və filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poema yaradıcılığı” adlı məruzələrlə çıxış ediblər.

Sonra görkəmli türkmən şairi Məhtimqulu Fəraqiyə həsr olunan videoçarx nümayiş etdirilib.

Akademik İsa Həbibbəyli şairin yeni çapdan çıxmış kitablarını Türkmənistan Elmlər Akademiyasının prezidentinə və türkmən qonaqlara hədiyyə edib.

Daha sonra konfrans iştirakçıları AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (III LitBookFest) çərçivəsində keçirilən Türkmənistan günündə iştirak ediblər. Çıxışlardan sonra Xalq artisti Gülyanaq Məmmədovanın ifasında Azərbaycan və türkmən dilində mahnılar səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: