Nəbatat bağı

Tel.  
Faks  
Elektron poçtu  
Yaranma tarixi

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin tərkibində fəaliyyət göstərən Nəbatat bağı 1972-ci ildə Azərbaycan EA-nın təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsində yaradılmışdır. Nəbatat bağı Babək rayonunun Şıx-mahmud kəndi yaxınlığında Uzunoba gölündən bir qədər cənub-şərqdə 390 15! şm. e. və 450 25! şərq uz. arasında olmaqla, dəniz səviyyəsindən 935 metr hündürlükdə salınmış və həmin ildən bu günə qədər fəaliyyətini davam etdirir.

2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsinin yaradılmasından sonra Nəbatat bağında yenidənqurma işləri aparılmış, sahəsi artırılaraq 13,2 ha çatdırılmışdır. 08 may 2007–ci ildə Nəbatat bağında inzibati bina və 2014–cü ildə isə istilikxana istifadəyə verilmişdir. Burada ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və s. bitki nümunələri əkilərək nümayiş etdirilir.

Əsas fəaliyyət istiqamətləri 

Naxçıvan Muxtar Respublikanın ayrı–ayrı rayonlarında meyvə bağlarından və şəxsi təsərrüfatlardan qiymətli meyvə və üzüm sortları gətirilərək “Genefond bağı” yaradılmışdır. Nəbatat bağında muxtar respublikanın aborigen meyvə bitkiləri ilə yanaşı, tərəvəz və bostan bitkiləri də genofonda toplanılır. Genefond nümunələri AMEA Genetik Ehtiyatlar İnstitutunun gen bankında saxlanılması üçün verilməklə bərabər, artırılaraq əhali arasında da yayılır. Nəbatat bağının ümumi sxeminə müvafiq olaraq, ayrı–ayrı flora nümunələri üçün sahələr, təcrübələrin qoyulması üçün ərazi, alleyalar, pitomnik, nadir bitkilər kolleksiyası, rozari və tingçilik sahələri yaradılmışdır.

Bağın nadir bitkilər kolleksiyasında Naxçıvan Muxtar Respub­likanın və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 43 növ geofit bitki yetişdirilir. Gürcüstan, Türkiyə və Rusiya Botanika bağlarından gətirilən 100-ə yaxın ağac, kol və dekorativ bitki növü introduksiya olunmuş və muxtar respublikanın yaşıllaşdırılmasında istifadə edilir. Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbay­can florasından çox sayda dekorativ ağac və kollar, efiryağlı, dərman əhəmiyyətli bitki növləri toplanmışdır, xüsusilə son illərdə introduksiya işləri olduqca genişləndirilmişdir.