AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan banqladeşli Nobel Sülh mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüb.
AMEA Rəyasət Heyətinin binasında keçirilən görüşdə akademik İsa Həbibbəyli Akademiyanın tarixi, burada fəaliyyət göstərən elmi bölmələrin işi, eləcə də AMEA-nın elmi istiqamətləri barədə qonağa ətraflı məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq elmi əlaqələrinin inkişaf etdirilməsi mərhələsində olduğunu diqqətə çatdıran AMEA rəhbəri Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun həm alim, həm də vətəndaş cəmiyyətinin lideri kimi Azərbaycanda yaxşı tanındığını xüsusi vurğulayıb. Həmçinin ötən ilin oktyabr ayında AMEA-da keçirilmiş “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda onlayn formada çıxış etmiş Məhəmməd Yunusa təşəkkürünü bildirib.
Nobel Sülh mükafatı laureatı professor Məhəmməd Yunus çıxış edərək AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə “Kasıbların bankiri” əsəri haqqında yazdığı geniş həcmli elmi məqaləyə görə minnətdarlığını çatdırıb. O, apardığı elmi araşdırmalarından söz açaraq, xüsusən sosial biznes sahəsindəki fəaliyyəti və qazandığı uğurlar barədə ətraflı məlumat verib. Nobel mükafatına gedən yolun əsas problemlərini diqqətə çatdıran banqladeşli professor Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq elmi əlaqələrini yüksək qiymətləndirib, özünün də bu münasibətlərə töhfə verə biləcəyini qeyd edib.
Sonda professor Məhəmməd Yunus və görüş iştirakçıları AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar. Qonaqlara binanın zəngin memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.
Görüşdə Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov və Akademiyanın bir qrup əməkdaşı iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.