Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
19.01.2017 16:10
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Tanınmış riyaziyyatçı alim, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev yanvar ayının 19-da 87 yaşında vəfat edib.

Cəlal Allahverdiyev 1929-cu il sentyabrın 17-də Şuşa şəhərində anadan olmuşdur, O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

1957-ci ildə fəlsəfə doktoru, 1968-ci ildə elmlər doktoru elmi dərəcələrini, 1969-cu ildə professor elmi adını almış, 1972-ci ildə AEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

1956-1960-cı illərdə ADU-da baş müəllim, dosent, 1960-1968-ci illərdə AEA Hesablama Mərkəzində şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1969-cu ildə AEA Kibernetika İnstitutunda direktor müavini, 1970-1988-ci illərdə isə həmin müəssisənin direktoru olmuşdur. 1988-1994-cü illərdə BDU-nun prorektoru, 1994-cü ildən ömrünün sonuna kimi isə BDU-da kafedra müdiri və İdarəetmə Sistemləri İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Funksional analiz sahəsində mütəxəssis olan C.Allahverdiyev ilk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən polinomial və ya rasional asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin və onun bir hissəsinin tamlığını araşdırmışdır. Alim xətti operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşması anlayışını vermiş, onun dəqiq ifadəsini tapmış, həmçinin xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışını vermişdir. O, Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmiş, operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmış, operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticələr almışdır.

Alimin aldığı elmi nəticələr “Allahverdiyev teoremi”, “Allahverdiyevin variasiya prinsipi”, “Allahverdiyev lemması” kimi funkisional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nəticələrin alınması üçün istifadə olunmuşdur.

O, Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlamışdır. Həmmüəlliflə səsvermə qurğusunun ideyasının nəzəri əsasını vermiş və müəlliflik şəhadətnaməsi (Moskva) almışdır. Kompüterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində mühüm elmi nəticələr almış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmini vermişdir.

Öz elmi məktəbini yaratmış C.Allahverdiyevin elmi rəhbərliyi ilə 6 elmlər doktoru, 40-dan artıq fəlsəfə doktoru hazırlanmışdır. O, 130-dan çox elmi əsərin müəllifi idi.

Akademik elmdə əldə etdiyi nailiyyətlərə görə 1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1981-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Cəlal Allahverdiyevin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: