Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Vətənim” verilişinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş buraxılışı yenidən nümayiş olunub
10.08.2021 14:35
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş buraxılışı yenidən nümayiş olunub

Avqustun 9-da Mədəniyyət kanalında “Vətənim” verilişinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş, ilk dəfə ümummilli liderin doğum günündə - mayın 10-da nümayiş etdirilmiş buraxılışı yenidən yayımlanıb.

Veriliş AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunub.

R.Hüseynov bildirib ki, mübarizəli, zəfərli və gərgin, hadisələr və insanlarla dolu bir həyat yaşamış ulu öndər Heydər Əliyev ömrü boyu zəfərlərə doğru pillə-pillə irəliləyib. Ümummilli Liderə həyatının müəyyən anlarında yüksəlişlərinin qarşısını almaq üçün maneələr yaradılsa da, dahi şəxsiyyət yolundan dönmədən sabahlara doğru inamla addımlayıb.

Akademik qeyd edib ki, H.Əliyevin ömrünün ahıl çağında, hakimiyyət illərində ən yüksək zirvəyə çatdıqdan sonra zəfərli yürüşlərini qəfildən dayandırmağa çalışıblar. Lakin millətinin, yurdunun taleyi onu səslədiyindən Ulu Öndər vətənin ən keşməkeşli zamanlarında tarixin qızıl səhifələrində qalacaq qalibiyyətlərə imza atıb.

R.Hüseynovun sözlərinə görə, H.Əliyev fəaliyyətə başladığı bütün sahələrdə həmin işlərə qəlbini qoymuş, ona can yandırmış, bu səbəbdən tutduğu vəzifələrdə hər zaman seçilmişdir. “Dahi lider varlığı ilə Azərbaycanı olduğundan böyük göstərməyi bacaran şəxsiyyət idi”, - deyə akademik vurğulayıb.

R.Hüseynov Ulu Öndərin 1995-ci ildə baş tutan Nyu-York səfəri zamanı “Mərkəzi Asiyanın Corc Vaşinqtonu” adlandırılmasından, həmçinin həmin ildə BMT-nin 50 illiyində dünyanın müstəqil ölkələri sırasında dalğalanan Azərbaycan bayrağına nəzər yetirərək kövrəlməsindən bəhs edib. Bildirib ki, H.Əliyevin Azərbaycan xalqının tarixində çox böyük xidmətləri var: “Bu xidmətlərin zirvəsində dayanan isə onun istiqlalımız tarixindəki müstəsna əməyidir”.

O, H.Əliyevin “İstiqlal, müstəqillik elə bir nemətdir ki, onun uğrunda illərlə ən ağır məhrumiyyətlərə, məşəqqətlərə dözmək olar” sözlərini xatırladaraq qeyd edib ki, Ümummilli Liderin ən ali amalı Azərbaycanın istiqlalını qorumaqdan ibarət olub.

Əlavə edib ki, 1993-cü ilin iyununda dövlət müstəqilliyinin itirilmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda məhz Ulu Öndər Azərbaycanın istiqlal bayrağını ucalara qaldırdı, onu XX əsrdən XXI əsrə ötürdü və dövlət müstəqilliyimizin yaşaması üçün ən möhkəm təməllər yaratdı.

R.Hüseynov, unudulmaz H.Əliyevin nadir dövlət adamı olmaqla yanaşı, həm də böyük söz adamı olduğunu deyib, Ümummilli Liderin Azərbaycan dilinin bütün incəliklərindən istifadə edərək nitqində ana dilini bütün əzəməti ilə canlandırmağı bacardığını qeyd edib. Onun sözlərinə görə, universal zəkalı, zəngin təcrübəli şəxsiyyətlərdən olan H.Əliyev təcrübəsi ilə biliklərini bir-biri ilə əlaqələndirmək məharətinə sahib idi. Ona görə də, bütün sahələrdən həmin istiqamətin ən yaxşı tənqidçisi kimi söz açırdı.

Akademik, həmçinin H.Əliyevin mətbuata və jurnalistlərə olan həssas münasibətindən, onlar üçün yaradılan şəraitdən, səfərləri zamanı jurnalistləri də özü ilə aparmasından bəhs edib.

Verilişdə görkəmli rejissor, Xalq artisi Vasif Babayev H.Əliyevin televiziyada qəfil anlarda göstərdiyi dəstəklə bağlı xatirələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: