Aprelin 28-də AMEA Ədəbiyyat İnstitutunun Elektron akt zalında Dünya Siyasəti İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev və dünya siyasəti” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi şəxsiyyətin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevi dünya siyasətinin nadir şəxsiyyətlərindən biri kimi xarakterizə edən akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin xarici siyasətinin formalaşmasında ulu öndərin müstəsna xidmətləri olduğunu vurğulayıb.
AMEA-nın tarixində də ulu öndərin xüsusi yeri olduğunu, onun akademiyanın hərtərəfli inkişafına kömək göstərdiyini söyləyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra akademiyaya yeni həyat verilmiş, ona dövlət statusu verilmişdir: “Akademiya “Milli Elmlər Akademiyası” statusunu ulu öndər Heydər Əliyevin sərəncamı ilə qazanmışdır”.
Sonra AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı “Heydər Əliyev və Azərbaycan Respublikasının dünya siyasətində yerinin müəyyənləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində dövlətimizin xarici siyasətinin və dünya siyasətində yerinin müəyyənləşdirilməsində ümummilli liderin rolunu təhlil edib.
Tədbirdə “Heydər Əliyev: Azərbaycanın BMT ilə əməkdaşlığı”, “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın İran siyasəti”, “Azərbaycanın xarici siyasətində ərəb dövlətlərinin yeri və rolu” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>