Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.11.2021 11:18
  • A-
  • A
  • A+

AMEA-nın əməkdaşları “Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda beynəlxalq konfransda iştirak edib

AMEA-nın əməkdaşları “Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda beynəlxalq konfransda iştirak edib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileyinə həsr olunmuş  beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d. Sialə Rüstəmova tədbiri açaraq rəhbərlik etdiyi qurumun tarixindən danışıb, əldə olunan nailiyyətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nazirliyin tabeliyində olan institutlar arasında xüsusi rolu olduğunu vurğulayıb. İ.Kərimov heyvanlarda infeksion, habelə digər xəstəliklərə qarşı mübarizədə baytarlıq sanitariya tədbirlərinin hazırlanmasında, dövlət baytarlıq tədbirlərinin həyata keçirilməsində institutun apardığı elmi tədqiqatları yüksək qiymətləndirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun bütün əməkdaşlarını və konfrans iştirakçılarını institutun 120 illik yubileyi münasibətilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından təbrik edib. Azərbaycan elminin mühüm və ayrılmaz tərkib hissəsi olan, əhalinin keyfiyyətli və təhlükəsiz heyvan mənşəli ərzaq məhsulları ilə təmin olunmasında, öz elmi tədqiqatlarının nəticələrinin istehsalata tətbiqi, elmi əsaslı tövsiyələri ilə baytarlıq xidmətinin təşkilində və tətbiqində, ölkənin epizootoloji sabitliyinin bilavasitə saxlanılmasında və baytarlıq elminin formalaşmasında  müstəsna xidmətləri olan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun öz fəaliyyəti dövründə, nəinki ölkə miqyasında, hətta beynəlxalq müstəvidə tanınmış nüfuzlu elmi tədqiqat müəssisələrindən biri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Sovetlər dövründə “Şərəf Nişanı” ordeni ilə təltif edilməsinin ulu öndər Heydər Əliyevin ölkəyə başçılıq etdiyi vaxtlarda təhsil, elm və mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət və qayğının göstərildiyini xatırladıb. İ.Hüseynova bildirib ki, sözügedən institut fəaliyyəti dövründə AMEA-nın Zoologiya, Fiziologiya, Genetik Ehtiyatlar, Mikrobiologiya, Torpaqşünaslıq və Aqrokimya institutları  ilə əməkdaşlıq edib və bu əməkdaşlıq hazırda da davam etdirilir. İnstitutun yetirmələri olan AMEA-nın həqiqi üzvləri, akademik Məmmədtağı Qəniyev, akademik Musa Musayev, akademik Yaqub Hacıyev, AMEA-nın müxbir üzvü Nəriman Şirinov isə öz elmi fəaliyyətləri dövründə AMEA-nın sözügedən institutlarının əməkdaşları ilə məhsuldar, fundamental tədqiqatlar aparıblar. Sonda akademik İradə Hüseynova institutun bütün əməkdaşlarını, təqaüddə olan alimlərini və hazırda ayrı-ayrı qurumlarda çalışan məzunlarını Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yaranmasının 120 illik yubileyi münasibətilə təbrik edib və konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov institutun 120 illik yubileyi ilə bağlı çıxış ediblər.  

Yığıncaqda Qazaxıstandan və Rusiya Federasiyasının  elmi müəssisələrindən gəlmiş alimlərin məruzələri də dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: