Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də YT Parkın rezidenti “BEYT” MMC-nin layihəsi ilə bağlı videosüjet yayımlanıb
11.01.2022 17:55
  • A-
  • A
  • A+

“Elm TV”də YT Parkın rezidenti “BEYT” MMC-nin layihəsi ilə bağlı videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında Akademiyanın Yüksək Texnologiyalar Parkının (YT Park) yeni rezidenti “BEYT” MMC-nin “Smart” arı yeşiklərinin istehsalı ilə bağlı layihəsi haqqında videosüjet yayımlanıb.

Bildirilib ki, bu layihə kənd təsərrüfatının “smart” sistemlə idarəedilməsi və ölkəmizdə arıçılığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Süjetdə “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov layihə haqqında məlumat verərək bildirib ki, BMT-nin arıları qoruma proqramına əsasən, son dövrlər arı yeşiklərinin intellektuallaşdırılması istiqamətində mühüm işlər aparılır. Onun sözlərinə görə, ölkəmizə Fransadan gətirilən hazırki analoqlarından fərqli olaraq YT Parkda istehsalı planlaşdırılan ağıllı arı yeşiklərinə temperatur, rütubət, işıq, atmosfer təzyiqi ölçən sensorlar, məhsulun həcmini ölçən tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanma ilə bağlı məlumatları fermerə ötürəcək bulud sistemli proqram təminatı hazırlanacaq.

E.Əhmədov Azərbaycan balının dünya bazarlarına çıxarılması üçün istehsal prosesinin monitorinqinin aparılmasının vacib məsələlərdən olduğunu bildirib, layihənin təsərrüfat subyektlərinə kompleks həllər təklif etdiyini vurğulayıb. Əlavə edib ki, layihənin ölkəmizdə həyata keçirilməsi rəqabətə dözümlü milli intellektual məhsulların istehsal edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: