Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA və Azərbaycan riyaziyyatçılarının mühüm nailiyyəti
17.01.2022 16:37
  • A-
  • A
  • A+

AMEA və Azərbaycan riyaziyyatçılarının mühüm nailiyyəti

Bu günlərdə Amerika Riyaziyyat Cəmiyyəti (AMS) tərəfindən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri riyaziyyat elmləri doktoru, dosent Vüqar İsmayılovun “Ridge functions and applications in neural networks” adlı monoqrafiyası çap edilib.

Amerika Riyaziyyat Cəmiyyəti 1943-cü ildən başlayaraq monoqrafiya seriyasında 265 kitab çap edib və indiyə qədər müəlliflər arasında nəinki Azərbaycanda, hətta bir çox qonşu ölkələrdə (məsələn, Zaqafqaziyada, türkdilli ölkələrdə və hətta bütün müsəlman ölkələrində) işləyən alimin adı olmayıb.

Vüqar İsmayılovun yuxarıda qeyd olunan nailiyyəti bütövlükdə AMEA və Azərbaycan riyaziyyatçılarının mühüm nailiyyəti hesab oluna bilər.

Qeyd edək ki, V.İsmayılov 26 sentyabr 1971-ci ildə Salyan şəhərində anadan olub. 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1995-1998-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirib, 2000-ci ildə “Dəyişənlərin sayı az olan funksiyaların cəmi ilə yaxınlaşma” adlı namizədlik dissertasiyasını, 2014-cü ildə isə “Qeyd edilmiş istiqamətli ridge funksiyalarla yaxınlaşma” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildən 2013-cü ilə kimi Riyaziyyat və Mexanika İnstitutunun kiçik elmi işçisi, elmi işçisi, böyük elmi işçisi, aparıcı elmi işçisi vəzifələrini icra edib. 2007-2008-ci illərdə Texnion-İsrail Texnologiya İnstitutunun riyaziyyat bölməsində “dəvətli alim” (visiting scholar) vəzifəsində çalışıb.

2013-cü ildən Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiridir. Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının və müəssisənin nəzdindəki Doktorluq dissertasiyası şurasının üzvüdür. 2014-cü ildən “Proceedings of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan” jurnalının məsul redaktorudur. Bundan əlavə, “Azerbaijan Journal of Mathematics”, “Transactions of the Institute of Mathematics and Mechanics NAS of Azerbaijan” jurnallarının redaksiya heyətinin üzvüdür. 2017-ci ildə Vüqar İsmayılov Oksford Universitetinə dəvət alıb və həmin universitetdə “C(X) fəzasının cəbrlər cəmi şəklində göstərişi” mövzusunda mühazirə oxuyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: