Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı soyqırımı - tariximizin unudulmayan acı həqiqəti
25.02.2022 14:13
  • A-
  • A
  • A+

Xocalı soyqırımı - tariximizin unudulmayan acı həqiqəti

AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, 1992-ci il fevralın 26-da erməni vəhşi birləşmələri bəşər tarixində bənzəri olmayan, yeni bir genosidi – Xocalı soyqırımını həyata keçirdilər. Ümumiyyətlə, fitnəkar olan bu toplum yarandığı gündən bu günə qədər yaşadıqları hər yerdə millətçi-şovinist ideyalarından, məkrli niyyətlərindən, vəhşiliklərindən əl çəkməmiş, qətillər, soyqırımlar törətmiş, terrorçuluqla məşğul olmuşlar. Xocalı faciəsi də ermənilərin Azərbaycana qarşı apardığı məkrli siyasətin, müharibənin tərkib hissəsi idi. Xocalı faciəsi ermənilərin törətmiş olduğu digər faciələrdən dəhşətinə, vəhşiliyinə və qəddarlığına görə fərqlənirdi. Bu hadisələr zamanı Xocalı şəhəri demək olar ki, dağıdıldı, 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir və girov düşdü, 56 nəfər xüsusi qəddarlıqla öldürüldü.

Diqqətə çatdırılıb ki, məhz ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi təsbit olundu. Son illərdə isə Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü iş aparır.

Vurğulanıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Sonda bildirilib ki, insanlığa qarşı törədilmiş bu cinayət aktı dünya ictimaiyyəti tərəfindən öz ədalətli, beynəlxalq siyasi-hüquqi qiymətini alacaqdır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: