Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2022 20:58
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Arif Həşimov akademik Şahin Mustafayevə 60, AMEA-nın müxbir üzvü Novruz Quliyevə və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənovaya 70, AMEA-nın müxbir üzvü Vaqif Quliyevə isə 65 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

İclasda gündəliyə çıxarılan ilk məsələ AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi haqqında olub.

Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, Ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrin hesabatının dinlənilməsi nəzərdə tutulur.

Bir sıra təşkilati müzakirələrdən sonra Rəyasət Heyəti AMEA-nın Nizamnaməsinə uyğun olaraq, AMEA-nın növbəti Ümumi yığıncağının cari ilin aprel ayının 22-də keçirilməsini məqsədəuyğun hesab edib və AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətlərin Ümumi yığıncaqda sərgilənməsinə dair müvafiq tapşırıqlar verilib.

İclasda, həmçinin AMEA rəhbərliyinin bölmələrin elmi ictimaiyyəti ilə görüşləri zamanı verilmiş təkliflərə uyğun olaraq, AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi, “AMEA-nın 2021-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi”nin çapı, AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul, 27 mart – Elm günü münasibətilə Rəyasət Heyəti aparatının bir qrup əməkdaşının, o cümlədən Mikrobiologiya İnstitutunun 50 illik yubileyi ilə əlaqədar sözügedən müəssisənin bir sıra əməkdaşlarının AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi haqqında müvafiq qərarlar verilib.

Bundan əlavə, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının tərkibində qismən, eləcə də Dendrologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişikliklər edilib.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: