Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.06.2022 09:00
  • A-
  • A
  • A+

Professor Abbas Seyidov Şamaxıda Kələxana türbələri ətrafında aparılan qazıntı işləri ilə tanış olub

Professor Abbas Seyidov Şamaxıda Kələxana türbələri ətrafında aparılan qazıntı işləri ilə tanış olub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

Məlum olduğu kimi, XVII əsrdə burada inşa edilən 9 türbədən 8-i dövrümüzədək qalıb. Onlardan birinin üzərində tikilmə tarixi (hicri 1074-cü il – miladi 1663/1664-cü illər) və sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi göstərilir.

Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır. Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Ekspedisiya rəhbərinin söylədiyi kimi, qısa müddət ərzində burada o dövrün dini komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar edilib.

A.Seyidov abidə ilə tanış olduqdan sonra Q.Cəbiyevlə fikir mübadiləsi aparıb, gələcək qazıntı işlərinin planını müzakirə ediblər. Abidə haqqında daha geniş elmi məlumat ictimaiyyətə veriləcək.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən arxeoloji qazıntılara tam nəzarət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: