Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Cəlal Əliyev adına beynəlxalq mükafatın təqdimatı keçiriləcək
16.06.2022 10:49
  • A-
  • A
  • A+

Akademik Cəlal Əliyev adına beynəlxalq mükafatın təqdimatı keçiriləcək

Beynəlxalq Fotosintez Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) görkəmli alim, akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi dəyərli töhfələri nəzərə alaraq, onun adına beynəlxalq mükafat (“The Jalal Aliyev Lecture Award”) və medal təsis edib.

Bu mötəbər mükafat akademik Cəlal Əliyevin Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin müəyyənləşdirilməsində, yaradılıb formalaşdırılmasında, bu istiqamətlər üzrə aktual problemlərin həllində, bütövlükdə biologiya və aqrar elmlərin inkişafında, həyatın mövcudluğunun əsası olan fotosintez prosesinin kompleks tədqiqində əldə etdiyi mühüm nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən daha bir təsdiqi hesab edilə bilər.

ISPR-in təşkilatçılığı ilə 31 iyul - 5 avqust 2022-ci il tarixlərində Yeni Zelandiyanın Dunedin şəhərində “Fotosintez tədqiqatları – enerji və ərzaq təhlükəsizliyi üçün fundamental və tətbiqi elm” mövzusunda hibrid formada keçiriləcək XVIII Beynəlxalq Konqresdə (www.ps2022.nz) Melvin Calvin, Andrew Benson, Robert Hill və Jan Andersson kimi nüfuzlu alimlərin adına təsis edilmiş mükafatlarla yanaşı, Cəlal Əliyev mükafatı fotosintez elminin inkişafına böyük töhfələr verən alimə təqdim ediləcək.

Qeyd etmək lazımdır ki, “Cəlal Əliyev mükafatı”na ilk layiq görülən alim Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shen olub. Mükafat alimə 2018-ci ildə Beynəlxalq Fotosintez Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilmiş “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq konfransda təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: