Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Musa Qasımlının 65 yaşı tamam olur
27.10.2022 10:55
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Musa Qasımlının 65 yaşı tamam olur

Azərbaycan tarix elminin dünyada tanınmış nümayəndəsi, “Şöhrət” ordenli, Milli Məclisin deputatı, Akademiyanın Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının 65 yaşı tamam olur.

Musa Cəfər oğlu Qasımlı 28 oktyabr 1957-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. İlk təhsilini kənd orta məktəbində alıb, 1979-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bir müddət Yardımlı rayonunun kəndlərində və qəsəbə 1 saylı orta məktəbində tarix və ictimaiyyət müəllimi işləyib. 1982-ci ildə Bakı Dövlət Universitetinin Yeni və ən yeni tarix kafedrasının (Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi) əyani aspiranturasına qəbul olub. Beynəlxalq münasibətlər tarixi üzrə görkəmli alim, professor Ruhulla Orucovun rəhbərliyi altında 70-ci illərdə dinc yanaşı yaşamaq problemlərinə həsr edilmiş dissertasiya işini yazaraq uğurla müdafiə edib. 1992-ci ildə “Azərbaycan beynəlxalq mədəni əlaqələrdə (1946-1990-cı illər)” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

1990-cı ildə BDU-nun Tarix fakültəsinin dekanının müavini vəzifəsinə təyin edilib.

Musa Qasımlı 1992-1997-ci ilərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində aparıcı mütəxəssis, sonra isə baş məsləhətçi işləyib. Parlamentdə çalışdığı illərdə o, yenicə yaradılmağa başlayan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin nizamnaməsini hazırlayan qrupda Azərbaycan Respublikası Milli Məclisi aparatını ekspert qismində təmsil edib. Azərbaycanın da qurucu üzvü olduğu bu təşkilatda Azərbaycan parlament nümayəndə heyətinin katibi olub, Azərbaycan Respublikası Milli Məclisinin Parlamentlərarası İttifaqa üzv qəbul edilməsi prosesində iştirak edib.

1997-ci ildə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında professor olaraq işini davam etdirib.  Bundan sonra o, elmi yaradıcılıq işi ilə daha geniş məşğul olmağa başlayıb. Azərbaycan ilə yanaşı, dünyanın bir sıra ölkələrinin – ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Praqada ATƏT arxivi, Vyanada BMT arxivi və kitabxanalarında araşdırmalar apararaq o zamanadək tarix elmində istifadə edilməyən bir çox mühüm fakt və materialları aşkarlayıb, Azərbaycanın beynəlxalq əlaqələrinə, xarici siyasətinə və böyük dövlətlərin Azərbaycana münasibətdə yürütdükləri siyasətə dair qiymətli əsərlər yazıb.    

Bolşeviklər tərəfindən işğal edilib sovetləşdirildikdən sonra SSRİ-nin yaradılmasına qədərki olan dövrdə Azərbaycan Sovet Sosialist Respublikasının xarici dövlətlərlə diplomatik-siyasi münasibətlərini tədqiq edib. Musa Qasımlı 1920-1922-ci illərdə Azərbaycan-Türkiyə münasibətlərini də tədqiq edib və monoqrafiya olaraq çap etdirib. Həmçinin Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini tədqiq edərək üç cildlik monoqrafiya yazıb. Musa Qasımlı Azərbaycan Cümhuriyyətinin süqutundan sonra həm respublika ərazisində, həm də xarici ölkələrdə müstəqillik uğrunda aparılan mübarizənin araşdırılması məsələləri ilə də məşğul olub. 1920-1922-cü illərdə Cənubi Qafqazda Rusiya, Türkiyə və Antanta ölkələri arasında gedən amansız hərbi, diplomatik-siyasi mübarizə məsələlərinin tədqiq edilməsi də Musa Qasımlının adı ilə bağlıdır. Alim tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı bir dövlətin qurulmasını, İrəvanın paytaxt olaraq daşnak Ermənistanına güzəştə gedilməsini və s. məsələləri ən mötəbər arxiv materialları əsasında tədqiq edərək iri həcmli monoqrafiya yazıb. Bundan əlavə, 1920-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində 1994-cü ildə elan edilmiş atəşkəsə qədər olan dövrdəki erməni fəaliyyətlərini beynəlxalq münasibətlər kontekstindən araşdıraraq Azərbaycan və  Rusiyada nəşr edilən iri həcmli monoqrafiya yazıb.  Musa Qasımlı iki hissədən ibarət “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003)”, ikicildlik “Azərbaycan parlamentarizmi tarixi” (həmmüəlliflərlə) və ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021)”, “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” (həmmüəlliflərlə) əsərləri və s. ilə Azərbaycan tarix elmində ilklər edib. Ölkəmizin orta məktəb şagirdləri üçün dərslik yazılmasında da Musa Qasımlı xüsusi əmək sərf edib. O, orta məktəblərin IX və X sinifləri üçün “Ümumi tarix” dərsliyinin müəlliflərindən biri və elmi redaktoru olub. Onun ölkənin ali məktəbləri üçün yazdığı Beynəlxalq münasibətlər tarixi” dərs vəsaiti, 1918-2001-ci illəri əhatə edən iki hissədən ibarətAvropa və Amerika ölkələrinin müasir tarixi” dərsliyi və fənn proqramı ana dilində dərslik yazılması istiqamətində mühüm addımlardan biri olaraq əhəmiyyətlidir.

İndiyədək Musa Qasımlının 17 kitabı və 100-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayna, polyak, rumın, fars və b. dillərdə nəşr edilib. Əsərlərinə 300 dəfə istinad olunub, dünyanın məşhur kitabxanalarının kataloqlarına daxil edilib.

1985-2022-ci illərdə 60-dan çox beynəlxalq elmi konfranslarda dəfələrlə məruzələr edib.

Təhsil sahəsində xidmətlərinə görə, Musa Qasımlı 2009-cu ildə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Rusiya və Türkiyə universitetlərində qısamüddətli dəvət üzrə oxuduğu mühazirələr maraqla qarşılanıb. Musa Qasımlı 2004-cü ildə ABŞ-ın Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışıb və amerikan alimləri ilə birlikdə yazdığı kitab nəşr edilib.

O, 1987-1991-ci illərdə SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRİ Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasət tarixi elmi şurasının üzvü olub. ABŞ-ın Harvard Universiteti Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin, Arizona Universitetindəki Avrasiya Araşdırmaları Cəmiyyətinin üzvü, Ukraynada UNESCO-nun Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Türkiyədə TURAN Strateji Araşdırmalar Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Qurumunun və TÜRKSAM-ın üzvüdür.

Beynəlxalq indeksli bir neçə elmi jurnalın “Avrasiya Araşdırmaları”, “TURANSAM”, “Türk eli”, “Atatürk yolu” (Türkiyə), “Rumın Avrasiya Araşdırmaları” (Rumıniya), “Kavkaz i mir” (Gürcüstan), “Tarix”, “Amerikan tarixi və siyasəti” (Ukrayna) elmi jurnallarının beynəlxalq məsləhətçilər qrupunun üzvüdür. Onun baş redaktoru olduğu və üç dildə nəşr edilən “Qafqazşünaslıq” jurnalı bir neçə beynəlxalq indeksə daxildir.

O, AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri (1997-1999), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının (2004-2007), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olub. Hazıra isə BDU-da fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının üzvüdür. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olub.

Musa Qasımlının rəhbərliyi altında 21 fəlsəfə, 3 doktorluq dissertasiyası işi müdafiə olunub. O, eyni zamanda ABŞ, Türkiyə və İrandan olan magistr və dissertantların işlərinə rəhbərlik edib.

Alim 2015-ci ildən AMEA-nın Qafqazşünaslıq İnstitutuna rəhbərlik edir.

IV, V və VI çağırışlar Milli Məclisin deputatı olan Musa Qasımlı fəallığı ilə seçilir və qanun yaradıcılığı işində yaxından iştirak edir. Türkiyə, Kanada, Braziliya, Peru, Meksika, Argentina, Danimarka, Malta, Estoniya, Bosniya və Hersoqovina parlamentləri ilə dostluq qrupunun üzvü, Əfqanıstan parlamenti ilə dostluq qrupunun sədri olaraq Musa Qasımlı Milli Məclisin beynəlxalq əlaqələrində yaxından iştirak edir.

Ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə, Musa Qasımlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

AMEA-nın müxbir üzvü Musa Qasımlını 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: