Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində görkəmli iqtisadçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov da dəvət üzrə iştirak edib.
Əslən Laçın rayonunun Xumarta kəndindən olan AMEA-nın müxbir üzvü Şahbaz Muradov böyüyüb-başa çatdığı Laçına 35 il sonra baş tutmuş səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Müsahibəni təqdim edirik:
- Şahbaz müəllim, uzun illər erməni işğalı altında olan doğma yurdunuz Laçına 35 il sonra qovuşmağınız sizdə hansı təəssüratları oyatdı?
Laçından axırıncı dəfə 1988-ci ildə ezamiyyətdə olduğum tarixdə ayrılmışdım. O zaman ağlıma gətirə bilməzdim ki, Azərbaycanın səngər qalası, Qarabağa açılan qapı - Laçın rayonu belə asanlıqla mənfur ermənilərin və onların himayədarlarının işğalına məruz qalacaq.
Bu 35 il ərzində yaşadığım həsrət və nisgili dilə gətirmək mənim üçün çox çətindir. Bu illər ərzində dağıdılmış kəndlərimizi, böyüyüb-başa çatdığım evimizi, atamın bostanını, anamın ətirli sac çörəyini, saf dağ havasını, mənzərəli meşəmizi, buz kimi bulaqlarımızı həsrətlə xatırlayır və bu torpağa nə vaxtsa qayıda biləcəyimizi əlçatmaz hesab edirdim.
Azərbaycanımızın igid oğullarının canı, qanı bahasına, Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti sayəsində Vətənə yol göründü, 1 dekabr 2020-ci il tarixində Laçına qovuşa bildik. Bayrağımız Laçında dalğalandı. Bu sevinci bizə bəxş edən Prezident İlham Əliyevə, hər bir zabitimizə və əsgərimizə minnətdarlığımı bildirir, qazilərimizə şəfa diləyir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
- Laçına səfəriniz zamanı burada hansı dəyişikliklərin şahidi oldunuz?
Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Laçının tarixinə daha bir gün də yazıldı: 26 avqust - Laçın şəhəri günü. Həmin gün mənim də taleyimdə silinməz izlər buraxdı. Uzun illər boyu çəkdiyim Vətən həsrəti sona yetdi, dünyanın cənnət guşəsi Laçına – şəhər gününə dəvət aldım.
Laçında olduğum bu günlərimi ömrümün ən xoşbəxt günləri hesab edirəm. Abadlaşan Laçın şəhərində gördüklərim məni olduqca heyrətləndirdi. Bu günün Laçını 35 il bundan əvvəl gördüyüm şəhərdən xeyli fərqlənirdi. İşğaldan azad edildikdən sonra belə möcüzələr yaradan xalqımızın qüdrətinə valeh oldum.
Mən şəhərin bərpası, infrastrukturun qurulması, yeni evlərin tikilməsi, parkların salınması, təhsil və mədəniyyət müəssisələrinin yaradılmasına, eləcə də Qorçu kəndində beynəlxalq hava limanının təməlinin qoyulmasına xüsusi diqqət və qayğıyla yanaşan, dəfələrlə Laçına səfərlər edib bu quruculuq işlərinə nəzarət edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün laçınlılar adından dərin minnətdarlığımı bildirirəm.
Həmçinin Azərbaycanın müxtəlif bölgələrindən Laçına gələrək bu möcüzələri yaradan, Laçının sərt şaxtalı-qarlı qışında, isti yay günlərində gecə-gündüz növbəli iş rejimində çalışan insanlara təşəkkürümü bildirmək istəyirəm.
- Bildiyimiz kimi, səfər zamanı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yaxından ünsiyyətdə olmusunuz. İstərdik, bu barədə də təəssüratlarınızı bizimlə bölüşəsiniz.
Laçın şəhəri günündə ilk dəfə Ali Baş Komandanımız İlham Əliyevlə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşməyim, Prezidentimizin mənə “ağsaqqalımızsınız” – deyə müraciət etməsi məni çox duyğulandırdı. Ani olaraq 1995-ci il avqust ayının 24-də Ulu Öndərimiz Heydər Əliyevlə görüşümüzü xatırladım. Həmin görüşdə Ulu Öndərin: “Şahbaz müəllim ədalətli adamdır” - deməsi, 26 avqust 2023-cü ildə isə - İlham Əliyevin mənimlə səmimi söhbəti, ziyalılara verdiyi yüksək diqqət və dəyər mənə xoş duyğular yaşatdı.
İlham Əliyevin 50 illik yubileyini Ağcabədi rayonunun “Taxta körpü” qəsəbəsində laçınlı köçkünlərlə, Mehriban xanımın öz ad gününü isə Laçın sakinləri ilə birlikdə qeyd etmələri onların laçınlılara göstərdiyi diqqətin canlı təzahürüdür.
Mən də öz növbəmdə Mehriban xanımı ad günü münasibəti ilə təbrik edərək bütün laçınlıların salam və ehtiramını bildirdim. Qarabağın və Şərqi Zəngəzurun fatehi cənab İlham Əliyevə ömürlük Azərbaycanın Prezidenti olmağı arzuladım.
- Qeyd etdiniz ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə yaxın münasibətləriniz olub. Bu münasibətlər hansı istiqamətləri əhatə edirdi?
Ulu Öndər Heydər Əliyevlə ilk tanışlığımız 1995-ci ilə təsadüf edir. 1988-ci ildə Əbdürrəhman Vəzirov Azərbaycan rəhbərliyə gəldikdən sonra burada Ulu Öndərin fəaliyyətinə qara yaxmağa başladığı vaxt Moskvada nəşr olunan «Вопросы экономики» jurnalının 6-cı sayında çap olunmuş geniş məqaləmdə Ümummilli Liderin xidmətlərini ətraflı işıqlandırmışam. Sonralar, 24 avqust 1995-ci ildə Heydər Əliyev Azərbayan Respublikası Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşündə mənim haqqımda “Görünür ki, ədalətli adamlar da var imiş...” fikirlərini səsləndirmişdi.
1998-ci ildən etibarən Prezidentlə bağlı təbliğat və təşviqat kampaniyalarında yaxından iştirak etmişəm. Bundan başqa, müəllifliyim ilə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri, görkəmli dövlət xadiminin dövlətimizin inkişafı üçün gördüyü əhəmiyyətli işlərdən bəhs edən və Ulu Öndərin birinci dəfə Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə gəlməsinin 50 illiyi münasibətilə ərsəyə gətirdiyim “Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi” adlı kitabım çap olunub. Həmçinin Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyim “Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər” adlı kitabım 2021-ci ildə işıq üzü görüb. Bu istiqamətdə tədqiqatlarımı hazırda da davam etdirirəm.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.