Alfyorov Jores İvanoviç

Alfyorov Jores İvanoviç 1930-cu il mar­tın 15-də Vitebsk şəhərində (Belarus) anadan olmuşdur.

1952-ci ildə Leninqrad Elektrotexnika İnstitutunu bitir­miş­dir. Elmlər namizə­di (1961), elmlər doktoru (1970) elmi dərəcəsini, professor elmi adını (1972) almışdır. SSRİ EA müxbir üzvü (1972), həqiqi üzvü (1979) seçilmişdir.

Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ EA A.F.İoffe adına Fizika-Texnika İnsti­tu­­tun­da mühəndis kimi başlamış, kiçik elmi işçi (1953-1964), baş elmi işçi (1964-1967), sektor müdiri (1967-1973), laborato­riya müdiri (1973-1990), direktor (1987-2003) və 2006-cı ilədək Elmi Şuranın sədri olmuşdur.                                                              

1989-cu ildən bu günədək Sankt-Peterburq Elmi Mərkəzinin Rəyasət Hey­ətinin sədri, SSRİ EA-nın vitse-prezidenti (1990-1991), REA vitse-pre­zidenti olmuşdur.

1953-cü ildən başlayaraq SSRİ-də ilk tranzistorların, germanium əsaslı cihazların yaradılması, yarımkeçiricilərdə heterokeçidlərin tədqiqi ilə məşğul olmuşdur. 1990-cı illərin əvvəllərindən başlayaraq kiçik ölçülü nanostruktur­ların – kvant məftilləri və kvant nöqtələrinin xassələrinin tədqiqi ilə məşğul olur.

2010-cu ildən bu günədək “Skolkovo” innovasiya mərkəzinin elmi rəhbəri­dir. “Texniki fizika jurnalına məktublar” jurnalının baş redaktorudur.

J.Alfyorov yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektro­ni­kası sahəsi üzrə mütəxəssisdir. 3 monoqrafiyanın, 500-dən artıq elmi mə­qa­lənin və 50 ixtiranın müəllifidir.

Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradıl­ması sahə­sin­dəki əməyinə görə Lenin (1972), SSRİ Dövlət (1984) və Rusiya Fede­rasiyasının Dövlət mükafa­tlarına (2001) layiq görülmüşdür. “Heteroke­çidlər istiqaməti üzrə yeni işlərə görə” Hyullet-Pakkard (Avropanın fiziki cəmiyyəti, 1978), “Heteroquru­luşların fiziki və texniki inkişafına görə” A.Kar­pinski (AFR, 1989), “Heteroquru­luşlar əsasında günəş şualanmasının fotoelektrik çeviriciləri” işlərinə görə A.F.İoffe adına mükafat (Rusiya, 1996), Demidov (Rusiya, 1999), Kioto (Yaponiya, 2001), V.İ.Vernadski (Ukrayna, 2001), Qlobal Enerji (Rusiya, 2005) mükafatlarına layıq görülmüşdür. “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, A.S.Popov adına qızıl me­dal, X.Velker qızıl medalı, Ballantayn medalı və s. medallarla təltif edilmişdir.

2000-ci ildə “Yüksək sürətli optoelektronika üçün yarımkeçiricilərdə hete­roquruluşların inkişafına görə” Nobel mükafatı almışdır.

J.Alfyorov bir neçə ölkənin Elmlər Akademiyasının fəxri üzvüdür. 1988-ci ildən bu günədək Sankt-Peterburq Dövlət Universitetinin Fizika-texnika fakül­təsinin dekanıdır.

J.Alfyorov 2004-cü il aprelin 28-də Azərbaycan MEA-nın fəxri (xarici) üzvü seçilmişdir.