Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

SOCAR-ın Elm Fondunun  elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsinin keçirilməsi haqqında elan
29.05.2019 16:55
  • A-
  • A
  • A+

SOCAR-ın Elm Fondunun elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsinin keçirilməsi haqqında elan

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə 2019-cu il üçün müsabiqə elan edir.

Təqdim olunan layihələr aşağıdakı elm sahələrinə aid olmalıdır:

- yer elmləri;

- texnika elmləri;

- kimya elmləri.

1. Elmi araşdırmaların aşağıdakı prioritet istiqamətləri üzrə təqdim edilən və fənlərarası xarakter daşıyan layihələrə üstünlük veriləcək:

- neft-qaz yataqlarının neftveriminin artırılması;

- işlənmədə olan yataqlarda istismar şəraitindən, dərinlikdən, sulaşma faizindən, hasilat səviyyəsindən, digər geoloji, texnoloji və iqtisadi amillərdən asılı olaraq quyuların istismarının rentabellik həddinin təyin edilməsi;

- yeraltı qaz anbarlarının istismarının xüsusiyyətləri, laylar daxili və laylar arası itkilərin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi;

- neft-qaz yataqlarının xüsusiyyətlərini nəzərə almaqla işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirin azaldılmasına dair tədbirlər;

- nanotexnologiyaların tədqiqi və tətbiqi ilə neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər;

- respublika üzrə işlənmədə olan məhsuldar çöküntülərin neft-qazlılıq potensialının dəyərləndirilməsi;

- Azərbaycanın geotektonik və neft-qazlılıq rayonlaşdırılmasının təkrar öyrənilməsi;

- qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi;

- neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;

- neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi;

- quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnikadan istifadə;

- neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;

- neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;

- neft-qaz sənayesində intellektual mexatron sistemlər;

- neft-qaz hasilatının optimallaşdırılmasında kompüter proqram təminatı;

- kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri;

- neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit.

2. Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

- fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (müsabiqə növünün kodu ­­– ET);

- xüsusi layihələr (müsabiqə növünün kodu – XL);

- gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələri (müsabiqə növünün kodu ­– HM).

3. Fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (ET) üçün onların mürəkkəbliyindən, işin həcmindən və yerinə yetirilmə müddətindən asılı olaraq aşağıdakı qaydada maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur:

- kiçik həcmli layihələr üçün 50 (əlli) min manata qədər;

- orta həcmli layihələr üçün 50 (əlli) mindən 100 (yüz) min manata qədər;

- böyük həcmli layihələr üçün 100 (yüz) mindən 200 (iki yüz) min manata qədər.

4. Müsabiqədə xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Xüsusi layihələrin predmetini təşkil edir:

- (XL1): elmi əsərlərin, aktual tədqiqat işlərinin nəşri və tərcüməsi;

- (XL2): Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi.

5. “Həvəsləndirici mükafat” (HM) nominasiyası üzrə:

- birinci yer üzrə – 10 (on) min manat məbləğində bir mükafat;

- ikinci yer üzrə –  hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat;

- üçüncü yer üzrə – hər biri 3 (üç) min manat məbləğində olan üç mükafat verilir.

6. Müsabiqədə AMEA-nın və onlarla birgə layihədə çalışan SOCAR-ın işçiləri iştirak edə bilərlər.

7. Layihələr müəyyən olunmuş formaya (formaları buradan yükləyin - Forma XL1, Forma XL2, Forma HM, Forma ET) uyğun tərtib olunaraq digər sənədlərlə birlikdə AMEA Rəyasət Heyətinin Elm və təhsil baş idarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı ş., İstiqlaliyyət küç., 30, 508-ci otaq) layihə rəhbəri tərəfindən şəxsən təqdim edilməlidir. Layihələr 2019-cu ilin may ayının 6-dan iyun ayının 4-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün Elm və təhsil baş idarəsinə (tel.: 492-84-48; e-mail: etbi@science.az) müraciət etmək olar.

8. Müsabiqədə iştirakın xüsusi şərtləri:

- SOCAR-ın Elm Fondunun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər;

- layihə rəhbəri və ya icraçı eyni zamanda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Yalnız bir layihədə rəhbər, ikinci layihədə isə icraçı qismində iştirak edə bilər;

- layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır;

- bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və icraçılar) ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Layihə iştirakçılarının sayı yalnız İdarə Heyətinin qərarı ilə artırıla bilər;

- layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir;

- layihənin icra müddəti iki ildən çox olmamalıdır.

9.   Layihələr aşağıdakı hallarda Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur:

- müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda;

- digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə;

- layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə;

- tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmayan layihə təqdim edildikdə.

10. Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.

11. Bütün layihələr bir qayda olaraq Azərbaycan dilində, sənədlərin 2 №-li forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır.

12. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);

- layihənin xərclər smetası (Forma 3);

- layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);

- layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış.

13. Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün SOCAR-ın Elm Fondunun İdarə Heyətinə təqdim edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: